“Şuşa şuşalı tələbələrin gözü ilə”
Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən fakültənin dekanı Rövşən Cavadov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza ataraq 30 il düşmən tapdağında olan torpaqlarımızı azad edib. Doğma Qarabağımızda, müqəddəs Şuşamızda üçrəngli bayrağımız əbədi ucaldılıb. 2022-ci ilin ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şuşa ili” elan edilməsi hər kəsdə böyük qürur və fəxarət hissi yaradıb. İndi Qarabağımız böyük bir quruculuq, bərpa meydanıdır. Rövşən Cavadov tələbələrə tariximizi yaxşı öyrənməyi, erməni vandallarının zaman-zaman törətdikləri qətliamları unutmamağı tövsiyə edib.
Sonra əslən Şuşadan olan Psixologiya ixtisası üzrə III kurs tələbəsi Şahlar Babayev doğma şəhəri ilə bağlı təəssüratlarını bölüşüb. Qeyd edib ki, bu ilin may ayında BDU rəhbərliyinin təşkilatçılığı ilə Universitetin bir qrup tələbəsi Şuşaya səfər edib. Şahlar Babayev həmin tələbələrdən biri olduğunu, Şuşa ilə görüşün qürurverici və unudulmaz anlarla yadda qaldığını bildirib. O, səfər zamanı ermənilər tərəfindən dağıdılmış evlərinə baş çəkdiyini vurğulayıb, orada lentə aldığı videogörüntü və şəkillərdən ibarət slaydı tədbir iştirakçılarına təqdim edib.