Su çərşənbəsi – dirilik, sağlamlıq çərşənbəsi
Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə Su çərşənbəsi ilk çərşənbə kimi qeyd edilir. Xalq arasında o, “Əvvəl çərşənbə”, “Əzəli çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə”, “Sel çərşənbə”, “Zəmzəm çərşənbə”, “Çilli beçə çərşənbə” kimi də tanınır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Su sağlamlıq, paklıq, tale göstərmə, müqəddəslik, dirilik, ölməzlik, xoşbəxtlik gətirən bir inam rəmzi kimi çıxış edir.
Arzularını, gördüyü yuxuları suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. su ilə bağlı ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsində baharın ilk suyundan gətirilərdi. Su sübh tezdən götürülərdi ki, insan səsi eşitməsin. Əski inanclara görə, çərşənbə günü bütün dərdlərin dərmanı olan çərşənbə suyu dalınca gedərlərmiş. Amma bu işi hər adama tapşırmazdılar. Həmin su dalınca gümüş kuzələrlə dan yeri sökülənə kimi valideynlərin ilki sayılan, 15-16 yaşlı subay qızlar gedər, üç və ya yeddi bulaqdan su götürər, dinməz-söyləməz evə gətirib qablara boşaldana kimi heç kimlə danışmaz, yerə baxarlarmış. Məhz ona görə də, bu “lal su” adlanarmış. Bu ayini icra edən qızlar yolda tanış bir adama rast gəlsəydilər, üzlərinə su çiləyər, onların bu yolla bulaqdan “lal su” gətirdiyini xəbər verərdilər. Bəzən onları ya nişanlıları, ya da qohumları müşahidə edərdilər ki, suyun “müqəddəsliy”inə xələl gəlməsin. Tatarların Narduqan (Gündoğan) bayramında da bu mərasim keçirilir, belə ki, bir oğlanla bir qız arxalarına baxmadan, dinməzcə bulaqdan fala baxmaq üçün su gətirirlər.
Dəyirman arxına bax!
Su gəlir, çarxına bax.
Ay çərşənbə, xoş gəldin!
Qızlarda axına bax!
Dədə-babalarımız inanıblar ki, bu çərşənbədə sellər aşıb-daşır, bütün azar-bezar qar ilə bərabər yuyulub gedir. İnsanlar suyun üzərindən adlamaqla xəstəliklərdən qurtulacağına inanmışlar.
İnanca görə, axar suyun qarşısı kəsilməməlidir. Suyun qabağını kəsəni Tanrı cəzalandırar. Babalarımız suyu canlı varlıq kimi dəyərləndirmişlər. Folklor nümunələrimizdə su kultundan istifadə buna bir sübutdur. Qazan xanın çay ilə söhbəti bunun bariz nümunəsidir. Ona görə də ilk çərşənbə “Axar sular Novruzu” və ya “Sular toyu” da adlanmışdır. Suyu müqəddəs sayan xalqımız “Su bulandıranı el utandırar”, “Suya tüpürməzlər”, “Suya söyməzlər” və bu kimi inancları, “Su haqqı”, “Suyun sovulmasın”, “And olsun axar suya”, “Ömrün su qədər uzun olsun” və bu kimi andları qoşmuşlar. Səfərə çıxanın arxasınca su atıb “Yolun aydın olsun!” deyirlər ki, Tanrı köməyi olsun.
Suyun müqəddəsliyi qədim türk miflərindən qaynaqlanır. Qədim miflərə görə, suyun yiyəsi var. El arasında “Suyun anası”, “Suyun yiyəsi”, “Hovuzun anası” adlanan ifadələrə də rast gəlinir. Su elə müqəddəsdir ki, Axır çərşənbədə çaylar dayanır, ağaclar baş əyib alnını suya söykəyir.
Suyun “tale göstərmə” inancına görə əcdadlarımız “Tas falı” (“Qızlar desin”, “Çərşənbə deyişməsi”, “Kuzə falı”, “Dilək falı” və s.) deyilən fal-açma ilə həddi-buluğa çatmış qızların gələcəkdəki talelərinə baxmışlar. Çərşənbə gecəsində axşam qadınlar, qızlar, oğlanlar kiminsə evinə yığılıb çilə çıxarardılar. Qızlar su ilə fal açıb bəxtlərini sınayardılar. Bu, “Üskük çıxarma” falıdır. Bir camın içərisinə hərə öz nişanəsini - üzük, sırğa, düymə atırdı, sonra qabın üzərinə dəsmal salınırdı. Nişanələr qabın içərisində iki-üç dəfə qarışdırılıb bayatı deyilirdi, bir yeniyetmə qız uşağı əlini camın içərisinə salıb nişanənin birini sudan çıxarırdı. Bayatını oğlan, qız, qadın, kişi hər kəs deyə bilərdi. Hər dəfə bayatı deyiləndə camdan kimin nişanəsi çıxsa, onun diləyi həmin bayatı olan mətləbə uyğun yozulardı. Bayatı söylənilən anda, hələ nişanə çıxmamış hiss olunurdu ki, həmin bayatıya uyğun kimin üzüyü, nişanəsi çıxa bilər.
Bu mərasim səhərə kimi davam edir. Günəş doğandan sonra mərasim iştirakçılarının su üstünə gedib çillə kəsdirməsi, əl-üzünü yumaları, niyyət edib suyun üstündən tullanaraq, “Ağırlığım-uğurluğum bu sulara”, “Ağırlığımı su götürsün” deməsi ilə başa çatır.
Saçı qabda suya salıb və ya sapa üzük bağlayıb evlilik yaşını, iynələrin uclarına pambıq sarıyıb qismətini təyin etmək də fal inanclarındandır.
Dirilik suyu Xıdır və İlyas qardaşlarının adı ilə bağlıdır. Onların dirilik suyu - “abi-çavidan”ı tapmaları ilə bağlı mifoloji rəvayətlər mövcuddur. Əfsanələrə görə, Xıdırla İlyas iki qardaş olublar. Onlar abi-həyat suyunu içdikdən sonra ölməzlik qazanıblar. Onların bir-birinə qovuşduğu gün isə Novruz bayramının başlandığı gün hesab olunur. Rəvayətlərdə deyilir ki, Xıdır quruda, İlyas isə suda yaşayırlar. Onlar həmişə köməyə ehtiyacı olanın imdadına yetişirlər. Kiçik qış fəslində Böyük Çillə ilə Kiçik Çillə arasında “Xıdır Nəbi” bayramı keçirilir. Bu da Xıdır Nəbinin adı ilə bağlıdır. Novruzun ilk çərşənbəsi isə İlyasın adı ilə bağlanır. İlk çərşənbə bəzi mənbələrdə “İliyaz çərşənbə” adı kimi verilmişdir. Bu çərşənbə axşamından etibarən suların buzu əriyir, sular get-gedə isinir, gecələr donmur, deyilənə görə o, “yer altında yaza gedir”. Bu səbəbdən də xalq arasında ilk çərşənbə Su çərşənbəsi kimi tanınır.
Xalq əfsanələrində, məhəbbət və qəhrəmanlıq dastanlarında suyun müxtəlif funksiyalar daşıdığı motivlərlə yanaşı, dirilik rəmzi olduğuna da rast gəlinir. Qəhrəmana gücü, qüvvəni, qeyri-adi qabiliyyətləri verən vasitələrin biri də sudur. Folklorda “dirilik suyu” aktiv işlənir. Azərbaycan folklorunda dirilik suyu Şirvanla əlaqəli verilir. Rəvayətlərdə, nağıllarda, Nizaminin “İsgəndərnamə”sində dirilik suyu içmək Xıdıra nəsib olur. “İsgəndərnamə”də İsgəndər dirilik suyunu axtarsa da, tapa bilməsə də, onun hikmətini dərk edir. “Koroğlu” dastanındakı Qoşabulaq da dirilik bulağı, ölməzliyin rəmzidir. Qoşabulağın suyundan içəndən sonra Koroğluya qeyri-adi aşıqlıq, şairlik, nərə, Qırata möcüzəvi xüsusiyyətlər gəlir.
Azərbaycan türklərinin inamlarında suyun kultlaşması onun əcdad olması, övlad verməsi, and yerinə çevrilməsi digər faktlarda gerçəkləşmişdir. İlkin başlanğıc olan su insan nəslinin artımından sonra çay, bulaq, göl və s. şəkillərdə inamlar sisteminə daxil olmuşdur. Türk dünyagörüşündə suya tapınmanın izlərindən Su Tanrısı obrazı formalaşmışdır.
Su çərşənbəsində süfrələr bəzədilir. Təmiz sudan hazırlanmış pürrəngi çay, müxtəlif şirniyyat və yeməklər, əsasən də plov süfrənin nemətləri sırasında olur. Bu çərşənbədə süfrəyə səməni qoyulmur. Təmiz, lal suyun süfrədə olması isə vacibdir. Əgər həmin su aşarsa, bu bolluğun rəmzi kimi qiymətləndirilir.
Su Tanrının müqəddəs nemətlərindən biridir. Suyu müqəddəs bilən xalqımız bu çərşənbədə su ilə bağlı ayinləri həyata keçirərək bayramın ilk günlərini qarşılayır.
Axar sularımız bulanmasın! Tanrı ölkəmizə həmişə əmin-amanlıq, bolluq nəsib etsin. Su çərşənbəniz mübarək!
Səhər ORUCOVA,
BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor