SOCAR prezidentinin müşaviri BDU-da “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirə deyib
Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın prezidentinin müşaviri Elçin Ağakişiyev tələbələrə “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirə deyib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar.
Mühazirə Dövlət himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.
Giriş sözü ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının Azərbaycanın müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevrilməsi üçün mühüm addım olduğunu bildirib: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri - Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş - “Əsrin müqaviləsi” imzalandı. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi” 1994-cü il dekabrın 12-də Azərbaycan parlamentində ratifikasiya olundu. Bu gün Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyasını müasir çağırışlara uyğun davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilib. Böyük fərəh hissi ilə demək olar ki, məhz bu strategiyanın uğurla həyata keçirilməsi nəticəsində son 20 ildə Azərbaycan misilsiz inkişaf yolu keçib. Bu gün Azərbaycan 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq başlanan 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər işığında öz parlaq gələcəyinə doğru inamla addımlayır”.
Rektor tədbirin keçirilməsində yaxından iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə öz təşəkkürünü bildirib, bundan sonra da BDU və SOCAR arasında qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf edəcəyinə inamını ifadə edib.
SOCAR prezidentinin müşaviri Elçin Ağakişiyev “Heydər Əliyev İli”ndə dahi şəxsiyyətin məzunu olduğu BDU-da belə bir tədbirdə iştirakın qürurverici olduğunu qeyd edib: “Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra digər sahələrdə olduğu kimi, neft-qaz sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş verdi. Ümumiyyətlə, Azərbaycanın bugünkü neft strategiyasının əsasları məhz ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə yaradılıb. Həmin illərdə mütərəqqi neftçıxarma texnikasının tətbiqi, neftayırmada ən müasir texnologiya əsasında yeni emal qurğularının tikilməsi nəticəsində Azərbaycanın neft sənayesi keçmiş SSRİ miqyasında ön mövqeyə çıxdı. Ümummilli Liderin uğurlu neft strategiyasının müstəqillik dövründəki başlanğıc nöqtəsi isə “Əsrin müqaviləsi” ilə qoyuldu. Ulu Öndərin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik idarəetmə keyfiyyətləri ilə ölkəni uğurla inkişafa aparır. TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan neft-qaz boru kəmərləri layihələrinin bu gün Azərbaycana gətirdiyi gəlirlər insan kapitalının, elmin və təhsilin inkişafına təkan verir”.
BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında çalışdığını deyib, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, Ümummilli Liderin əsasını qoyduğu uğurlu neft strategiyasının Azərbaycanın bütün sahələrində olduğu kimi, elm və təhsil sahəsinin də davamlı inkişafını təmin etdiyini, bu siyasətin günümüzdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.