SABAH qruplarının “Şuşa ili“nə həsr olunan təhsil üzrə bilik yarışının finalı BDU-da keçiriləcək
İki mərhələdən ibarət olan bilik yarışmasında Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimlik ixtisasında təhsil alan SABAH qrupları tələbələri iştirak ediblər. Təhsil üzrə bilik yarışmasının I mərhələsi oktyabrın 1-də Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Memarlıq və İnşaat universitetlərində keçirilib.
I mərhələdə Azərbaycan tarixi, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, metodika və pedaqogikaya dair 50 qapalı sual istifadə olunub. 5 açıq tipli sual əsasında təşkil olunacaq II (final) mərhələ isə oktyabrın 8-də BDU-da keçiriləcək.
Qeyd edək ki, təhsil üzrə bilik yarışının təşkil edilməsində məqsəd istedadlı tələbələrin aşkar edilməsi, onların təhsil və elmə olan maraqlarının daha da stimullaşdırılması, sağlam rəqabət şəraitində öz bilik və bacarıqlarını nümayış etdirməsi və müvafiq ixtisaslar üzrə müxtəlif ali təhsil müəssisələrinə SABAH qrupları tələbələrinin inteqrasiya edilməsidir.