Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirilir
Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirilir.
Forum Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının, İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirə Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları qatılıb. Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev də Forumda iştirak edir.
Forumun məqsədi Türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıdır.
Forumda rəsmi şəxslərin çıxışları, ikitərəfli görüşlər, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları” mövzusunda xüsusi sessiya, bir sıra sənədlərin imzalanması və Şuşa şəhəri ilə tanışlıq nəzərdə tutulur.