Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının nəzdindəki “Cinayət Hüququ Klubu”nun “Cinayətkarlıqla mübarizədə nəzəri və praktiki mübadilə” adlı layihəsinin növbəti qonağı Əməkdar hüquqşünas, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq üzrə elmlər doktoru, professor İlham Rəhimov olub.
Professor İlham Rəhimov cinayət və cəza-icra hüququ üzrə 100-ə yaxın elmi məqalənin, məhkəmə hakimiyyəti və qanunvericiliyin fundamental problemlərinə həsr olunmuş bir çox monoqrafiyanın müəllifidir. Onun yaradıcılığında “İslah-əmək təsirinin nəzəri və praktiki problemləri” (Bakı,1981); “Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi” (Bakı,1987); “Cəzanın fəlsəfəsi və onun vəzifəsi problemləri” (Bakı,1998); “Cinayətkarlıq və cəza” (Moskva, 2012); “Ölməz ölüm cəzası” (Bakı, 2018), “Dünyəvi dinlərdə cinayət və cəza” (2023) adlı kitabları mühüm yer tutur. Bir çox xarici dillərə tərcümə olunan bu monoqrafiyalar Azərbaycan cinayət hüququ elmini dünyada geniş təbliğ edib.
Tədbirdə professor İlham Rəhimov hüquq elminə verdiyi müstəsna töhfələrə görə Hüquq fakültəsinin 95 illik yubileyi ilə əlaqədar təltif edilib. Qonaq “Cinayət Hüququ Klubu”nun fəxri üzvü seçilib.
Tədbirdə məruzə ilə çıxış edən professor İlham Rəhimov tələbələrin suallarını cavablandırıb.