Özbəkistanda BDU-nun həmtəşkilatçılığı ilə keçirilən Beynəlxalq konfrans başa çatıb
Bakı Dövlət Universiteti, Özbəkistanın Andijan Dövlət Universiteti və Türkiyənin Ege Universitetinin birgə təşkilatçılığı ilə “Avrasiyanın biomüxtəlifliyinin mühafizəsi: müasir problemlər, həllər və perspektivlər” mövzusunda I Beynəlxalq konfrans başa çatıb.
Konfransın fəaliyyəti dövründə Andijan Dövlət Universitetinin rektoru Akramjon Yuldasev BDU-nun Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Biokimya və biofizika kafedrasının müdiri Rövşən Xəlilov, Biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənovadan ibarət nümayəndə heyətini qəbul edib.
Qəbul zamanı Andijan Dövlət Universitetinin rektoru ilə BDU nümayəndə heyəti arasında birgə əməkdaşlığın qurulması, hər iki tərəf üçün əhəmiyyət kəsb edəcək layihələrin hazırlanıb həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
BDU-nu konfransda təmsil edən alimlərə “Andijan Dövlət Universitetinin Fəxri professoru” adları verilib.
Sonda seçilmiş məruzəçilərə sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.