Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə mühazirə oxuyub
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.
Fakültənin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev qonağı təqdim edərək görüşün əhəmiyyətini vurğulayıb.
"Media və siyasət" fənninin qonağı olan millət vəkili 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tələbələrə mühazirə oxuyub.
O, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənədin - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən, şanlı günün tarixindən danışıb.
Elşad Mirbəşiroğlu qeyd edib ki, 44 günlük Vətən mübaribəsi və bir günlük lokal antiterror tədbirlərindən sonra bu əlamətdar tarixi gün yeni əhəmiyyət kəsb edib. Regionda baş verən hadisələrə diqqət çəkən qonaq bütün bu münaqişələr fonunda Azərbaycanın milli maraqlara söykənən uğurlu və dayanıqlı xarici siyasətinin effektivliyinə diqqət çəkib. Elşad Mirbəşiroğlu Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsi apardığını vurğulayaraq, gənclərin, xüsusilə də tələbə-jurnalistlərin üzərinə böyük vəzifə düşdüyünü bildirib.
Fakültə rəhbərliyi və professor-müəllim heyətinin də iştirak etdiyi görüşün sonunda millət vəkili tələbələrin çoxsaylı suallarını cavablandırıb.