Kitabxanaçılıq-informasiya fakültəsində kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə tələbə qəbulu aparılır
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi ölkəmizdə kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq üzrə mütəxəssis hazırlayan əsas elm mərkəzidir. Fakültədə 4 kafedra və 2 tədris laboratoriyası fəaliyyət göstərir. Bakalavr pilləsində tələbələr II kursdan etibarən kafedralarda aparılan elmi-tədqiqat işlərinə cəlb olunurlar. Fakültənin tələbə və magistrantları Tələbə Elmi Cəmiyyətinin xətti ilə tədqiqat aparmaq imkanına malikdirlər.
Fakültədə Kitabxanaşünaslıq, Biblioqrafiyaşünaslıq, Kitabxana resursları və informasiya axtarış sistemləri, Kitabşünaslıq və nəşriyyat işi kafedraları fəaliyyət göstərir. Kafedralarda müxtəlif elmi istiqamətlər üzrə əməkdaşların və gənc tədqiqatçıların iştirakı ilə tədqiqatlar aparılır.
Bakalavriat səviyyəsində kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə tələbə qəbulu həyata keçirilir.
“Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə məzunlar fundamental bilik və bacarıqlar qazanmaqla ölkədə mövcud olan kitabxana infrastrukurunda, arxiv, muzey, nəşriyyat, mətbəə, qəzet və jurnallar, elektron media qurumları, dövlət və özəl təşkilatların mətbuat xidmətləri və digər sahələrdə çalışa bilərlər.
Fakültəsində tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.