İrlandiyanın Kollec Kork Universitetinin professoru BDU-da ustad dərsi keçib
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində İrlandiyanın Kollec Kork Universitetinin Sosiologiya və kriminologiya kafedrasının professoru Amin Şərifinin ingilis dilində ustad dərsi keçirilib.
Ustad dərsində mədəni sosiologiyanın bir sıra aktual məsələləri ətrafında müzakirələr aparılıb. Professor Amin Şərifi mədəniyyətin müxtəlif elementlərinin (dil, dəyərlər, ənənələr, din və s.) cəmiyyətin inkişafındakı rolunu izah edib. Bildirib ki, dil və digər dəyərlər müxtəlif cəmiyyətlərin inteqrasiyasına və ya parçalanmasına yol aça bilər. Hazırda dünyada 7000-dən çox dil mövcud olsa da, Yer kürəsinin əhalisi onlardan yalnız 23-ündə danışır, 40%-dən çox dil yox olmaq ərəfəsindədir. Dəyərlər və ənənələr cəmiyyətdə insanların birgəyaşayışının məhsulu olsa da, spesifikliyi və universallığı ilə fərqlənir. Hər bir fərdin, qrupun, cəmiyyətin, sivilizasiyanın öz dəyər və ənənələri var. Mədəni qloballaşma, maddi və mənəvi mədəniyyətlər arasında fərqlər barədə məlumat verən alim cəmiyyətdəki normaların, əxlaq, davranış qaydalarının qorunub saxlanılmasının vacibliyini qeyd edib.
Professor Amin Şərifi interaktiv formada keçirilən dərs zamanı tələbələrin suallarına cavab verməklə yanaşı, onları problem ətrafında müzakirələrə cəlb edib, maraqlı diskussiyalar aparıb. Sonda professor Amin Şərifiyə Sosiologiya kafedrasının müəllimlərinin yazdığı dərsliklər hədiyyə olunub.