İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi BDU-da mühazirə deyib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Bakı Dövlət Universitetinin (BDU) müəllim və tələbə heyəti üçün mühazirə deyib.
Xidmət rəisi mühazirəsində qurumun fəaliyyət istiqamətləri, strukturu barədə məlumat verib, ölkəmizdə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə antiinhisar nəzarəti, dövlət satınalmaları, rəqabət, keyfiyyət təminatı sahələrində aparılan islahatları diqqətə çatdırıb. Xidmət rəisi qeyd edib ki, ölkədə rəqabət mühitinin təmin olunması, dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi və istehlakçı hüquqlarının qorunması sahəsində əhəmiyyətli işlər görülüb, geniş maarifləndirmə işləri aparılıb. Azərbaycanda yeni Rəqabət Məcəlləsinin hazırlandığını xatırladan Xidmət rəisi bu məcəllənin qəbul edilməsinin rəqabəti və azad sahibkarlığı təşviq etməklə iqtisadiyyatın inkişafını, istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcəyini bildirib. Bununla yanaşı, Xidmətin fəaliyyətində şəffaflığı təmin etmək məqsədilə dövlət satınalmalar, dövlət rəqabət və dövlət keyfiyyət portalları da hazırlanır.