IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib
Beynəlxalq Dəniz Günü ilə əlaqədar ölkəmizdə qeyd edilən “Xəzər həftəsi” çərçivəsində IDEA İctimai Birliyi və Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakultəsinin birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə Sumqayıt şəhərinin Corat qəsəbəsi daxilində yerləşən çimərlikdə sahilyanı təmizlik aksiyası keçirilib. Aksiyada BDU-nun 300-dən çox tələbəsi ilə yanaşı, ETSN nümayəndələri və könüllüləri də aktiv iştirak ediblər.
Aksiya zamanı 3 hektardan artıq sahil zolağı plastik və digər tullantılarından təmizlənib, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
Tədbirin keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.
Xatırladaq ki, Beynəlxalq Dəniz Günü dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə 1978-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarla təsdiqlənib. Həmin ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur.
"Xəzər həftəsi" çərçivəsində baş tutan təmizlik aksiyası dənizin ekoloji cəhətdən saflığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə xidmət edir. Təşkilatçılar hər kəsi Xəzər dənizinin sahillərini çirklənmədən qorumağa və onun sərvətlərinin mühafizə olunmasında birlik göstərməyə çağırırlar.