ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarı Mədəniyyət TV-də
Bakı Dövlət Universitetində (BDU) ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarı çərçivəsində Orta Şərq Texnik Üniversitetinin professoru Ahmet Oral, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin rəhbəri Mais Süleymanov və Pakistanın Elm və Texnologiya üzrə Milli Universitetinin mühəndisi Mohsin Tivana Mədəniyyət televiziya kanalında yayımlanan “Səhər çağı” verilişinin qonağı olub. Proqramda alimlər seminarın məqsədindən danışıb, cihazqayırmaya və tərsinə mühəndisliyə dair əsas ideyaları təqdim etmək, habelə müxtəlif növ sensorların istifadəsi, verilənlərin əldə edilməsi və emal edilməsi haqqında məlumatları bölüşüblər.
Qeyd edək ki, 4 oktyabr tarixində keçirilən seminarın iştirakçları cihazların işlənməsinin əsas komponentləri ilə tanış olub, eyni zamanda sensorlardan gələn siqnalları əldə etmək və mikronəzarətçilər vasitəsilə idarə etməyi öyrənirlər.
Seminarın ilk hissəsində mühazirə, ikinci hissəsində isə praktik təlimlər keçirilir. Təlimlərdə BDU tələbələri ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin tələbələri də iştirak edirlər.
Seminar işini 7 oktyabr 2021-ci il tarixində yekunlaşdıracaq.