“Heydər Əliyev dühasının yetişdirdiyi mütəxəssislərdən biri olmağımla fəxr edirəm”
Ulu Öndər Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki, onun böyüklüyünü hər dəqiqə, hər an, hər yerdə hiss edirsən, duyursan. Bu nurlu, dahi insanın siması gözlərimiz önündə yenidən canlanır və düşünürsən ki, o, səninlə birlikdə xalqımızın aydın sabahlarına doğru addımlayır.
Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərini saymaqla qurtarmaz. Bu xatirə yazımda onun təhsil sahəsinə göstərdiyi diqqətdən, o cümlədən, keçmiş sovet respublikalarında yerləşən aparıcı universitetlərdə Azərbaycan Respublikası üçün mütəxəssis hazırlanması işinə verdiyi töhfədən, mənim bir mütəxəssis, şəxsiyyət kimi yetişməyimdə, həyatımda oynadığı əvəzedilməz roldan danışmaq istəyirəm.
Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbər təyin olunduğu elə ilk dövrlərdən Azərbaycan hökumətinin xüsusi Dövlət Proqramını qəbul etdirdi və 1969-cu ildən başlayaraq Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev, Voronej, Dnepropetrovsk və digər şəhərlərdə yerləşən nüfuzlu universitet və institutlara müsabiqədənkənar qaydada Azərbaycan ali məktəblərində hazırlığı aparılmayan nadir ixtisaslar üzrə təhsil alması üçün azərbaycanlı gənclərin göndərilməsinə nail oldu. O xoşbəxt anları yaşamış gənclərdən biri də mən olmuşam. Bu gün Heydər Əliyev ideyasının, işıqlı dühasının yetişdirdiyi mütəxəssislərdən biri olmağımla fəxr edir və qürur duyuram.
Hazırda mən Bakı Dövlət Universitetinin (BDU) Geodeziya və kartoqrafiya kafedrasının müdiri, professoru, geodeziya-kartoqrafiya elmləri sahəsində elmlər doktoru dərəcəsinə yüksəlmiş ilk və yeganə azərbaycanlı aliməm. Ulu Öndərin ümidlərini doğrultduğum üçün özümü xoşbəxt sanır, onun ruhu qarşısında baş əyirəm. Düşünürəm ki, yalnız öz məhsuldar elmi və pedaqoji fəaliyyətimlə, qismən də olsa, bu böyük insana olan mənəvi borcumu qaytarmış olaram.
İndi isə bir az keçmişə qayıtmaq istəyirəm. 1977-ci ildə orta məktəbdə təhsilimi başa vurduqdan sonra Moskva Aviasiya İnstitutunda təhsilimi davam etdirmək niyyətində idim. Lakin Dövlət Proqramı üzrə bu instituta sənədlərin qəbulunun və müsabiqənin harada keçirildiyini bilmirdim. Böyük qardaşım o vaxtlar Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda oxuyurdu və təklif etdi ki, əvvəlcə onların institutuna baş çəkək. Həmin instituta gəldik və gördük ki, müsabiqədənkənar qaydada Azərbaycan üçün qəbul aparılacaq Moskva, Leninqrad, Kiyev, Voronej, Dnepropetrovsk və digər şəhərlərin universitet və institutlarının siyahısında Moskva Aviasiya İnstitutunun adı yoxdur, amma həmin siyahıda sonralar təhsil aldığım Moskva Geodeziya Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunun adı birinci sırada yazılıb. Qəbul komissiyasının əməkdaşları görəndə ki, biz bu institutla maraqlanırıq, başladılar onu tərifləməyə ki, bu institutda respublikamız üçün çox vacib sayılan geodeziya-kartoqrafiya elm sahəsi üzrə mütəxəssislərin hazırlığı həyata keçirilir, burada həmçinin, mənim maraq göstərdiyim aviasiya sahəsi də mövcüddur. Qəbul komissiyası əməkdaşlarının sözünə qüvvət, qardaşım da dedi ki, “bu, daha yaxşı, həm sən deyən, həm də respublikamız üçün gərəkli bir elm sahəsidir”. Bu fikirlərdən sonra Moskva Geodeziya Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunun tələbəsi olmağa razılığımı verdim. Lakin sənədləri qəbul edən komissiya bildirdi ki, bu institutda Azərbaycan üçün «astronomik-geodeziya» ixtisası üzrə cəmi bir yer ayrılıb, ona görə də müsabiqədə keçid balı çox güman yüksək olacaq, imtahanlara daha yaxşı hazırlaşmaq lazımdır. Doğrusu, mən özümə əmin idim, yaxşı hazırlaşmışdım və bu səbəbdən imtahanlar məni elə də qorxutmurdu. Ona görə də qəbul imtahanlarını uğurla verib, Moskva Geodeziya Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri institutunun (indiki Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universiteti) tələbəsi oldum. Qəbul komissiyası bizə bildirdi ki, 29 avqust 1977-ci il tarixində Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin də iştirakı ilə birinci kursa qəbul olunmuş azərbaycanlı gənclərin yolasalınma tədbiri keçiriləcək.
Həmin günü - 29 avqust 1977-ci il tarixini mən heç vaxt unuda bilmərəm. O gün mən Ulu Öndərin nurlu simasını ilk dəfə idi ki, yaxından görürdüm, olduqca doğma, pozitiv görünüşlü bir insan. Bizi xoş sözlərlə salamladı və hamımızı tələbə adı qazanmağımız münasibəti ilə təbrik etdi. Təhsil alacağımız respublikalarda, şəhərlərdə özümüzü ləyaqətli aparmağı, Azərbaycan xalqının elçiləri olduğumuzu heç vaxt unutmamağı, yüksək təhsilə yiyələnməyi və biliklər qazanmağı, rus dilini mükəmməl öyrənməyi tapşırdı. Qəbul imtahanlarında yüksək nəticələr göstərmiş olsalar da, tələbələr arasında orta məktəbdə Azərbaycan bölməsini bitirdikləri üçün rus dilini zəif bilənlər vardı. Ona görə də Ulu Öndər həmin tələbələri əmin edirdi ki, narahat olmayın, qısa zaman ərzində rus dilini də mükəmməl öyrənə biləcəksiniz. Doğrudur, mən də Qazax rayonunun Daş Salahlı kəndinin 2 №-li orta məktəbini Azərbaycan bölməsi üzrə bitirmişdim, amma bizim ailədə rus dili işlədilirdi, rəhmətlik atamın rus dilində tibbə dair çoxsaylı məlumat-sorğu kitabları vardı. Eyni zamanda mən özüm “kniqa-poçta” ilə sifariş edərək Moskvadan, Leninqraddan fizika və riyaziyyata dair çoxlu kitablar gətizdirib mütaliə edirdim, ona görə də rus dilini pis bilmirdim.
Yaxşı xatırlayıram, Ulu Öndər həmin görüşdə “Siz getdiyiniz şəhərlərdə özünüzü kimsəsiz hiss etməyin, sizin arxanızda Azərbaycan xalqı, Azərbaycan dövləti durur, mən dururam”- deyə bildirmişdi. Qeyd etmək istəyirəm ki, o vaxtlar Ulu Öndərin bu sözləri mənim həyat eşqimi, gücümü birə-beş artırdı. Məsələ ondadır ki, instituta qəbul imtahanları verdiyim ərəfədə mən çox düşgün əhval-ruhiyyədə idim. Orta məktəbdə son buraxılış imtahanı verdiyim günlərdə atam dünyasını dəyişmişdi. Bu hadisə məni olduqca sarsıtmışdı. Hətta instituta qəbul imtahanlarında iştirak etmək istəmirdim. Lakin belə bir psixoloji durumda olmağıma baxmayaraq, özümü toplayıb qəbul imtahanlarını uğurla verdim və institut tələbəsi oldum. Ulu Öndərin yuxarıda qeyd etdiyim birinci kurs tələbələri ilə keçirdiyi yolasalma görüşü, o görüşdən aldığım təəssuratlar və enerji məni yenidən həyata qaytardı. Ona görə də Ümummilli Liderin bu diqqət və qayğısına qarşı yüksək təhsilimlə cavab verəcəyimə söz verdim. Həqiqətən də, Moskvada böyük əzmkarlıqla çalışıb təhsildə yüksək nəticələr əldə etdim və əsasən «əla» qiymətlər almağa nail oldum.
Onu da qeyd edim ki, təhsil aldığımız illərdə Heydər Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Moskva şəhərində yerləşən nümayəndəliyi, xüsusilə də nümayəndəliyin təhsil üzrə əməkdaşları tərəfindən bizə daim qayğı və maddi-mənəvi köməklik göstərilirdi. Bunlarla yanaşı, dahi Öndərin özü də bizimlə - respublikadan kənar şəhərlərin universitet və institutlarında təhsil alan tələbələrlə daim maraqlanır və imkan yarananda görüşlər keçirirdi.
Yaxşı yadımdadır, Ümummilli Liderin Moskva şəhərində oxuyan azərbaycanlı tələbə-gənclərlə belə bir görüşü 1979-cu ildə M.Qorki adına Moskva Bədii-Akademik Teatrının sarayında keçirildi. İclas zalının rəyasət heyətində Azərbaycan Sovet Sosialist Respublikasının dövlət və hökumət rəhbərləri, o vaxtkı Azərbaycan Kommunist Partiyasının büro üzvləri, böyük vəzifəli şəxslər əyləşmişdilər. İndi dəqiq xatırlamıram ki, onlar həmin vaxtlar Moskvaya hansı tədbirdə iştirak etmək üçün belə ali tərkibdə gəlmişdilər, çox güman ki, sovet hökuməti rəhbərliyinin yüksək səviyyəli görüşü keçirilirdi və həmin tədbirdən sonra Ulu Öndər qərara alır ki, Moskvada təhsil alan azərbaycanlı tələbə-gənclərlə görüş keçirib uğurlarımızla tanış olsun.
Beləliklə, bizi Moskvadakı Azərbaycan nümayəndəliyi tərəfindən həmin görüşə dəvət etdilər. Görüşə həmçinin bizim oxuduğumuz universitet və institutların rektorları, prorektorları dəvət olunmuşdular. Mənim yanımda təhsil aldığım Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin tədris işləri üzrə prorektoru, professor Valentina Bakanova əyləşmişdi. Görüşdə bir sıra çıxışlardan sonra söz Ulu Öndər Heydər Əliyevə verildi. Salon sükuta qərq oldu və onun alovlu çıxışı hamını valeh etdi. Yüksək natiqlik məharəti ilə söylədiyi fikirlər, azərbaycanlı tələbələrə xitabən “Elmlərin sirlərinə yaxşı yiyələnin, rus dilini mükəmməl öyrənin. Siz burada Azərbaycanın elçilərisiniz, çalışın xalqımızı yüksək səviyyədə təmsil edin” - kimi öyüd-nəsihətləri onilliklər keçsə də, hələ də qulaqlarımda səslənir.
Yaxşı xatırlayıram, Valentina Bakanova Heydər Əliyevin çıxışından sonra özünü saxlaya bilməyib, “Bu necə natiqlikdir?! Bir rusdan daha yaxşı danışır” - söylədi.
Bu görüşün məzmun və məqsədini Ulu Öndər öz uzaqgörənliyi ilə necə düşünmüşdüsə, elə də oldu: görüşdən sonra bizə oxuduğumuz institutların rəhbərlikləri tərəfindən diqqət daha da artırıldı. Sən demə, bu görüşün məqsədi həm də bir növ bizləri - azərbaycanlı tələbələri Moskva universiteti və institutlarının rəhbərlərinə tapşırmaq, bizlərə olan diqqətin daha da artırılmasını diplomatik gedişlə onların nəzərinə çatdırmaqdan ibarət idi. Bunlar bizə sonradan aydın oldu.
Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, ötən əsrin 70-ci illərində, mənim Moskva şəhərinə ilk gəldiyim dövrlərdə, şahidlik edə bilərəm ki, orada «qafqazdanam»,- deyəndə, əsasən “qruzin və yaxud armyanin” başa düşürdülər, çağırırdılar. Çünki bu millətlərin nümayəndələri Moskva şəhərinə çoxdan ayaq açmış və özlərini tanıda bilmişdilər. Bu isə bizə ağır gəlirdi ki, niyə heç azərbaycanlı deyən yoxdur. Lakin zaman keçdikcə, ildən-ilə bu balansın bizim xeyrimizə dəyişdiyini gördük, “Azərbaycan, azərbaycanlı” sözləri tez-tez işlədilməyə başladı. Mən hesab edirəm ki, bu istiqamətdə də müsbət dəyişikliyin baş verməsi yenə də Ulu Öndərin adı ilə bağlı idi. Məhz onun şəxsində Azərbaycanı, azərbaycanlıları daha çox tanımağa başladılar. Xüsusilə də Heydər Əliyevin artıq Moskvada işə çağırılması, Siyasi Büroya üzv seçilməsi bu prosesi daha da sürətləndirdi.
Heydər Əliyev Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyəndə mən artıq Azərbaycan Təhsil Nazirliyinin göndərişi ilə Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetində əyani məqsədli aspiranturada oxuyurdum. Axşamlar istirahət saatlarında yataqxananın “qırmızı güşə”sində digər sovet respublikaları və xarici ölkələrdən olan aspirant və tələbələrlə birgə televizorda verilişlərə, o cümlədən xəbərlər proqramına baxardıq. Elə olurdu ki, Ulu Öndərin müxtəlif xarici ölkə nümayəndələri və yaxud da bir başqa məsələrlə əlaqədar SSRİ Nazirlər Sovetində görüşlər keçirməsi haqqında məlumatlar verilirdi. Bu anlarda dinləyicilər diqqətini mənə yönəldib soruşurdular: Məqsəd, Heydər Əliyev də azərbaycanlıdır? Mənim müsbət cavabımdan sonra qibtə edirdilər ki, mənim millətimin belə böyük oğlu var və o, SSRİ kimi nəhəng bir dövlətin Siyasi Bürosunda təmsil olunmaqla yanaşı, yüksək bir vəzifədə çalışır. O anlarda mən özümü çox xoşbəxt hesab edirdim. Bu gün də Ulu Öndər Heydər Əliyevə minnətdaram ki, mənə elə xoş, unudulmaz anları yaşadıb.
1989-cu ildə Moskvada namizədlik dissertasiyamı müdafiə edərək texnika elmlər namizədi elmi dərəcəsinə layiq görüldüm və Azərbaycana qayıtdım. Əvvəlcə Azərbaycan Neft və Kimya İnstitutunda, 1992-ci ildən isə BDU-da baş müəllim, dosent, professor, Geodeziya və Kartoqrafiya kafedrasının müdiri işlədim. Hazırda isə həm də Coğrafiya fakultəsinin dekanı vəzifəsini icra edirəm.
Ulu Öndərin nurlu siması ilə növbəti görüşüm 1998-ci il avqust ayının 31-də baş tutdu. Heydər Əliyev Sarayında Ulu Öndərin istəyi ilə 1969-1988-ci illərdə respublikadan kənar şəhərlərin universitet və institutlarında təhsil almış tələbə-gənclərlə görüş keçirilirdi və mən də o görüşün iştirakçısı idim. Giriş qapısı tərəfdən qabaqda ikinci sırada əyləşmişdim. Ulu Öndər saraya daxil olanda mənim lap yaxınlığımdan keçdi, biz hamımız ayağa qalxıb onu sürəkli alqışlarla salamladıq. Həmin görüşdə çıxışa yazılmasam da, aspirantura və doktorantura təhsilimizi davam etdirmək üçün təhsil almış olduğumuz universitetlərdə müvafiq şəraitin yaradılması xahişimizin Ümummilli Liderə çatdırılmasını çıxışa yazılmış həmkarlarımızdan xahiş etmişdik.
Görüş başladı və Ulu Öndər əvvəlcə bizləri dinləmək istədiyini bildirdi. Bir sıra çıxışlardan sonra söz Heydər Əliyevə verildi. Həmişə olduğu kimi, Ulu Öndər yüksək natiqlik məharəti ilə öz çıxışına başladı, salon sükuta qərq oldu. O, öz çıxışında bizi öz balası kimi sevdiyini, bizlər üçün darıxdığını və ona görə də bu görüşün keçirilməsini istədiyini bildirdi. Qeyd etdi ki, bizim hamımızı əyani olmasa da, qiyabi tanıyır. Respublikadan kənar universitet və institutlara təhsil almağa göndərilən tələbələrin siyahılarını özündə əks etdirən kitabçaları o, öz arxivində saxlayır və zaman-zaman onu vərəqlədikcə bizləri bir daha yadına salır. Ulu Öndər dedi: “Siz Azərbaycan dövlətinin, xalqının ən qiymətli kapitalısınız. Sizləri Azərbaycanın dövlət və hökümət idarəetmə strukturlarına, institutlarına işə, qulluğa dəvət edirəm. Sizin potensialınızdan tam və səmərəli istifadə olunmalıdır”. Təhsil Nazirliyinə daha yüksək hazırlıq keçmiş mütəxəssislərin siyahısını tərtib edib, Azərbaycan Respublikasının Prezident Aparatına, Nazirlər Kabinetinə təqdim etməyi tapşırdı.
Həmin görüşdə Ulu Öndər keçmiş sovet respublikaları arasında əlaqələrin zəifləməsi və bu səbəbdən elmi əməkdaşlıq sahəsində meydana çıxmış çətinliklərin aradan qaldırılması üçün tədbirlərin görülməsinə dair Təhsil Nazirliyinə müvafiq tapşırıqlar verdi. Məhz bu çalışmalar nəticəsində mənim 2002-ci ildə yenidən Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinə əyani məqsədli doktoranturaya göndərilməyim mümkün oldu. Mən əzmkarlıqla çalışaraq üç il ərzində dissertasiya işimi tamamladım, uğurla müdafiə edərək geodeziya-kartoqrafiya sahəsində elmlər doktoru elmi dərəcəsinə layiq görülmüş ilk azərbaycanlı oldum.
Ulu Öndərin dünyasını dəyişməsi xəbərini mən Moskvada doktoranturada təhsil alarkən eşitdim. Əlbəttə ki, bu xəbər məni olduqca kədərləndirdi. Səhərisi gün tezdən Azərbaycanın Rusiyadakı səfirliyinə gedib Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, onun portreti önünə gül dəstəsi qoydum və “Xatirə kitabı”nda başqa fikirlərlə yanaşı, aşağıdakıları yazdım: ”Böyük şəxsiyyət Heydər Əliyevin öz xalqı qarşısında çoxsaylı, əvəzsiz xidmətlərinin ən əlamətdarlarından biri də onun Rusiya, Ukrayna, Belarus və başqa respublikaların nüfuzlu universitet və institutlarına nadir ixtisaslar üzrə azərbaycanlı gəncləri təhsil almağa göndərməsidir...”.
Ulu Öndər öncədəngörmə qabiliyyətinə malik, xalqını hədsiz sevən və onun gələcəyini daim düşünən fenomen bir insan idi. O, əvvəlcədən Azərbaycanın müstəqil olacağını görürdü. Ona görə də respublikamızda hazırlığı aparılmayan ixtisaslar üzrə keçmiş sovet respublikalarında yerləşən nüfuzlu universitetlərdə mütəxəssis hazırlığına xüsusi diqqət yetirirdi. SSRİ dövründə bizim respublikamızda ərazimizin geodezik-kartoqrafik baxımdan təminatı digər respublikalardan çağırılan, əsasən də slavyan mənşəli mütəxəssislər tərəfindən həyata keçirilirdi və xəritələrin tərtibatı zamanı coğrafi obyektlərin adlarının (toponimlərin) yazılışında böyük qusurlar baş verirdi. Onların qulaqları adları necə eşidirdisə, xəritələrdə elə də yazırdılar. Ona görə də Ulu Öndər geodeziya-kartoqrafiya sahəsinə diqqət göstərmiş, hər il müsabiqədənkənar qaydada Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinə 4-5 nəfər azərbaycanlı gəncin oxumağa göndərilməsinə nail olmuşdu. Həmin gənclərdən biri də mən idim. Bu gün müstəqil Azərbaycanın geodeziya-kartoqrafiya elmi və istehsalatı Ulu Öndərin yetişdirdiyi həmin mütəxəssislərin əlindədir. Onlar müstəqil dövlətimizin sərhədlərinin delimitasiya və demarkasiyasını, ölkə ərazisinin müasir geodeziya-kartoqrafiya təminatını həyata keçirirlər.
Heydər Əliyev dünyasını dəyişdikdən sonra müqəddəs missiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş “Neft potensialını intellekt kapitalına çevirək” devizi altında təhsildə geniş islahatlar aparılır, Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binaları tikilir, köhnələri təmir edilir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə xarici ölkələrin nüfuzlu universitetlərində azərbaycanlı gənclərin təhsil alması üçün xüsusi Dövlət Proqramları qəbul edilib və uğurla həyata keçməkdədir. Həmin proqramlar çərçivəsində oğlum Kanadanın Toronto Universitetinin, qızım isə Böyük Britaniyanın Nottingam Universitetinin məzunları olublar. Mən Prezidentimiz İlham Əliyevə, birinci vise-prezidentimiz Mehriban xanım Əliyevaya azərbaycanlı gənclərin xaricdə təhsil almaları üçün yaradılmış imkan və şəraitə görə öz dərin minnətdarlığımı bildirirəm.
Ulu Öndər Heydər Əliyevin nurlu simasını, dühasını heç vaxt unutmayacağam. Allahdan ona rəhmət diləyirəm.
Məqsəd Qocamanov,
BDU-nun Coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən, Geodeziya və kartoqrafiya kafedrasının müdiri, texnika elmlər doktoru, professor, Əməkdar müəllim