Güclü qadın – qüdrətli dövlət və uğurlu gələcək
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
Azərbaycan qadını deyəndə göz önünə fədakarlıq, zəriflik, məğrurluq gəlir. Qadınlarımız tarixin bütün dönəmlərində cəmiyyətin hərəkətverici qüvvəsi, milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olub. Belə bir məşhur deyim var: “Hər güclü kişinin arxasında bir güclü qadın dayanır”. Bu deyimi bir qədər dəyişsək, “Hər güclü cəmiyyətin arxasında güclü qadınlar dayanır”. Güclü, öz ayaqları üstündə dayan bilən, bilikli, intellektual qadın güclü övlad, qüdrətli dövlət və uğurlu gələcək deməkdir.
Bu bayram 1910-cu ildən bəri dünyada qadınlara sevgi və hörmətin rəmzinə çevrilib. Bütün dünyada ilk dəfə qadınların səsvermə hüququnu tanımış ölkə kimi Azərbaycanda gender siyasəti, qadınların ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirakı əsas prioritetlərdən birini təşkil edir.
1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.
1995-ci ildən ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınlarına həmişə yüksək qiymət verib, onları cəmiyyətin hərəkətverici qüvvəsi adlandırıb: “Mən bütün fəaliyyətimdə həmişə qadınlara arxalanmışam, onları özümün dayağım hesab etmişəm. Bunlar sadəcə sözlər deyildir, mən onları sınaqdan keçirmişəm. Mənim həyatımın çox ağır və çətin anları olubdur. Bütün bu mərhələlərdə qadınlar özlərini həmişə çox etibarlı göstəriblər və sınaqlardan şərəflə çıxıblar... Mən əminəm ki, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunda, iqtisadi islahatlarda və digər proseslərdə siz həmişə fəal olacaqsınız və ön sıralarda gedəcəksiniz”.
Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan qadınları dövlətin bütün strukturlarında ləyaqətlə təmsil olunurlar.
Cəmiyyətin hər zaman nümunələr yaradan şəxsiyyətlərə ehtiyacı var. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkəmiz və ümumilikdə dünya qadınları üçün belə bir nümunədir. O, öz çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınının simvoluna çevrilib. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Qadınların dövlət strukturlarında iştirakını təmin etmək və onları həyatın bütün sahələrində fəal iştiraka cəlb etmək cəmiyyətin davamlı inkişafının bir hissəsinə çevrilib.
44 günlük Vətən müharibəmiz, Qələbəni qanı-canı ilə yazan oğullar Azərbaycan qadınlarının necə nəhəng, müqəddəs bir missiyanı şərəflə daşıdıqlarını ortaya qoydu. Vətən üçün müdafiəçilər yetişdirmək Azərbaycan qadınlarının ən ali missiyasıdır.
Azərbaycanın ən böyük ali məktəbi olan BDU-da tələbələrin 60, işçi heyətin isə 50 %-dən çoxunu qadınlar təşkil edir.
Əziz qadınlar! Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, sizə ailə səadəti, qadın xoşbəxtliyi, işlərinizdə uğurlar arzulayırıq!