“Gənc istedadlar” liseyinin Sinqapurda təhsil alan məzunu: “Dərman sintezlərini süni intellektə daşıyaraq Nobel mükafatı almaq istəyirəm”
Sadə, səmimi, ötkəm görkəmi var. İddiaları da öz yerində. Ən böyük iddiası isə ölkəmizə Kimya üzrə Nobel mükafatı qazandırmaqdır. Bu, bizim Nəriman Şirinlidir. Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin ötənilki məzunu, hazırda Sinqapur Milli Universitetində (National University of Singapore – NUS) Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan, beynəlxalq və yerli olimpiadalar qalibi Nəriman Şirinli...
Bakıya gəlişində ilk işlərindən biri doğma universitetə və liseyə baş çəkmək olub.
Gəlin, onunla yaxından tanış olaq.
- Nəriman, özün barədə bir qədər ətraflı məlumat verə bilərsənmi?
- V sinifdən “Gənc istedadlar” liseyinə qəbul olunmuşam. VII sinifdən liseydə xüsusi kimya dərsləri almağa başladım və Respublika Fənn Olimpiadasına (RFO) qatılaraq, gümüş medalla təltif edildim. VIII sinifdə RFO-da gümüş medala layiq görüldüm. Sonra beynəlxalq olimpiadalara hazırlaşmağa başladım. IX sinifdə RFO-da qızıl, X sinifdə ilk beynəlxalq olimpiadamdan bürünc medal əldə etdim. X sinifdə Azərbaycanın da qatıldığı üç beynəlxalq olimpiadanın hər birində bürünc medal qazandım. XI sinifdə isə onların hər birindən gümüş medal aldım. X sinifdə RFO-dan qızıl, “Sabahın alimləri” Respublika Olimpiadasından qızıl, XI sinifdə də RFO-dan qızıl və “Birincilərin birincisi” nominasiyası üzrə mükafat qazandım.
- Gələcək karyeranı necə təsəvvür edirdin? Sinqapurda təhsil almaq ideyası hardan meydana gəldi?
- Uşaq vaxtlarımdan ən böyük hədəfim və anamın da istəyi mənim Nobel mükafatı almağımdı. Hətta bəzən anam zarafatla deyir ki, mənə Nobel alanda zəng edərsən (gülür). Onun üçün də düşündüm ki, xarici universitetlərə sənəd vermək bir qədər doğru olar. Bu yolla xarici universitetlərdəki Nobel mükafatçılarından da dərs ala bilərəm. X sinfin sonlarında xarici universitetlərə sənəd vermək üçün lazım olan sertifikatları əldə etməyə başladım. Bura SAT, IELTS və s. daxildir. IELTS-dən 8 bal aldıqdan sonra universitetlərə qəbul üçün müraciət etdim. Sənəd verdiyim universitetlər arasında Amerika, Sinqapur və Türkiyə universitetləri vardı. Qəbul olduğum universitetlər Koreyanın KAIST, Türkiyənin Koç, Sinqapur Milli Universiteti oldu. Sənəd verdiyim universitetlər arasında ən gözləmədiyim NUS idi. Çünki NUS dünya universitetləri siyahısında kimya sahəsi üzrə üçüncüdür. Xarici tələbələr üçün də çox limitli bir universitetdir. KAIST-ə getməyə hazırlaşdığım anda NUS-dan qəbul gəldi və mən orda təhsilimi davam etdirməyə qərar verdim.
- Nədən Nobel mükafatı? Bu mükafatı nə üçün qazanmaq istəyirsən?
- Əslində əsas məqsədim hansısa elmi araşdırmamın və ya elmi məqaləmin olması deyil, bu elmi araşdırmamın insanlara töhfə verməsidir. Məncə, Kimya elminin önəmini “COVİD-19” pandemiyası dövründə peyvəndlərin hazırlanmasında bir daha anladıq. Mən də bu tip bir layihə hazırlamaq istəyirəm ki, insanlara töhfə versin. Bunun nəticəsində Nobel mükafatı almaq istəyirəm.
- Sinqapur təhsili necədir? Hansı özəllikləri var?
- Hər bir xarici universitetdə olduğu kimi, Sinqapur universitetində də təhsildə müəyyən fərqliliklər var. Məsələn, dərslərin keçirilmə stili fərqlidir. Elə dərslər var ki, 30 nəfər, elə dərslər də var ki, 5-6 min nəfər götürülür. Bu da bir çox mühazirələrin onlayn formada keçirilməsinə səbəb olur. Müəllimlər, professorlar bu dərsləri ya “Zoom” platforması üzərindən keçir, ya da video formatda mövzunu izah edirlər. Canlı dərslər isə 30 nəfərlik qruplar şəklində professor və ya professor köməkçisi tərəfindən keçirilir. Bir çox dərslərdə qayıb limiti məsələsi də yoxdur. Bu, mənim üçün çox əlverişlidir. Çünki mənim olimpiadalara hazırlıq mərhələlərindən qalma bir vərdişim var. Mövzuları özüm internetdən öyrənirəm. Mən istəyirəm ki, müəllimin yönləndirməsi ilə deyil, özüm öyrənim. Bilmirəm nə qədər düzdü, amma məncə, müəllimin yönləndirməsi ilə bir şeyi öyrəndikdə o zaman biliyin ancaq o müəllimin bildikləri qədər olur. Qiymətləndirmə sistemində də fərqliliklər var. Orada olimpiadada olduğu kimi, medal, rəqabət sistemidi. Yəni, mən 90 faiz yığsam da, 95 faiz yığan adam çox olduqda mən yenə “B” alıram. Əslində mənim üçün Sinqapur təhsilini maraqlı edən cəhətlərdən biri də budu. Bakalavr olmağıma baxmayaraq, araşdırmalara qatıla, bir çox laboratoriya işlərinə qoşulub, hətta elmi məqalələr də çıxara bilirəm.
- Hazırda hansı sahədə araşdırmalar aparırsan?
- Hazırda material mühəndisliyi, ümumi fiberlər sahəsində araşdırmalar aparıram. İndi öyrənmə mərhələsindəyəm. Bu araşdırmaya qoşulmaqda əsas məqsədim yeni bilikləri əldə etməkdir. Çünki mənə tədris edilən bir çox biliklər olimpiadalara hazırlıq dövründə öyrəndiklərimlə eynilik təşkil edir. Təzə şeylər öyrənmək istəyirəm. Buna görə də araşdırmalara qoşuluram. Bu araşdırmalar bakalavr səviyyəsini deyil, doktorantura səviyyəsini əhatə edir.
- Hansı qlobal problemin həllini istəyərdin?
- Dərman sintezlərini süni intellektə daşımaq istəyirəm. Bu sahədə hazırda işlər gedir. Amma mən bunu daha da inkişaf etdirmək istəyirəm. Bu tip məsələlər üzərində çalışmaq istəyərəm.
- Daha çox kimyanın hansı sahəsinə marağın var?
- Hazırda kimya mühəndisliyi oxuduğumdan indidən dəqiq nəsə söyləmək düzgün olmaz. Amma olimpiadalara hazırlıq mərhələsindən üzvi kimyaya daha çox marağım var. Buna da səbəb üzvi kimyanın həyatın əsasını təşkil etməsidir.
- Təqaüd əsasında təhsil alırsan?
- Dövlət proqramına əsasən təhsil alıram. Dövlət proqramı mənim illik yaşayış xərclərimi, universitetin xərclərini ödəyir.
- Azərbaycandan gedən 17 yaşlı bir gənc üçün Sinqapurda yaşamaq çətindir?
- Mənim üçün əsas çətinlik ünsiyyət qurmaq oldu. Çünki Sinqapurda məktəb və universitet arasında politeknik dediyimiz bir qurum var ki, onlar artıq orda ixtisasları üzrə oxuyurlar. Mənim bütün qrup yoldaşlarım NUS-a gəlməzdən əvvəl bir-birilərini tanıyırdılar. Mən gəldikdə artıq 180 nəfər kimya mühəndisliyi oxuyan dostlar arasında tək idim. Yalnız bu – onlarla ünsiyyət yaratmaq mənim üçün bir qədər çətin oldu. Həmçinin ölkədəki yeməklərə adaptasiya olmaq çətin idi. Amma ümumi olaraq Sinqapurdan çox razıyam, xüsusilə ölkənin təbiəti, təhsili məni ora bağlayır.
- Azərbaycanlılar varmı orada? Ümumiyyətlə, daha çox kimlərlə ünsiyyət yaradırsan?
- Oxuduğum universitetdə məndən savayı yalnız bir azərbaycanlı təhsil alır. Ümumiyyətlə, NUS 2022-ci ilə qədər xarici tələbələr üçün ayrılan kvotada azərbaycanlılara yer verməyib. Ötən il mən və doktoranturadan bir tələbə qəbul olduq. Ən çox onunla əlaqədə idim. Sinqapurun Nanyang Texniki Universitetində də əvvəlcədən dövlət proqramı əsasında 10-dan artıq tələbə oxuyur. Hazırda onlar Sinqapurda işləyirlər. Bundan əlavə, mənim qəbul olduğum il Nanyang Texniki Universitetinə 2 nəfər azərbaycanlı getdi, onlarla da əlaqəm var. Hazırda isə oxuduğum universitetə xalam qızı və Riyazıyyat olimpiadasının qalibi olan tanışım da qəbul alıb. Məncə, gələn il daha da maraqlı olacaq.
- Sinqapurda asudə vaxtını necə keçirirsən?
- Düzü, asudə vaxtım çox qalmır. Vaxtım olanda dərslərdən əlavə proqramlaşdırma öyrənməyə çalışıram. Bir də türk doktorantlarla, ən çox da Uğur adlı bir dostumla şahmat, stolüstü tennis oynamağı sevirəm.
- Mətbəx problemlərini necə həll edirsən?
- Hamının bildiyi kimi, Asiyada yemək məsələsi çətindir. Amma bir müddət keçəndən sonra öyrəşməyə başlayırsan.
- “Gənc istedadlar” liseyindəki sinif yoldaşlarınla əlaqən var?
- Mən bir az uzaqda olduğum üçün əlaqə nisbətən zəifdi. Amma təzəlikcə iki dəfə onlarla görüşmüşəm. Liseydəki “Son zəng”ə də getmişdik. Nə qədər uzaqda olsam da, onlarla əlaqəm hər zaman davam edəcək.
- Həyatının sonrakı mərhələsini, Sinqapur təhsilindən sonranı necə düşünürsən?
- Universiteti bitirdikdən sonra iş həyatına atılmağı düşünmürəm. Akademiyada qalmaq istəyirəm. Amma bu, çox uzun perioddur, indidən nəsə demək, proqnoz söyləmək çox tezdi. Qabaqda üç il var.