FHN Akademiyasının kitabxanasının əməkdaşları BDU-da
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kitabxanasının əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında qonaq olublar. Oxucuların informasiya ehtiyatlarından istifadəsinin keyfiyyətini daha da artırmaq məqsədilə BDU-nun Elmi Kitabxanasının çoxillik təcrübəsindən yararlanmaq məqsədi daşıyan görüşdə elektron resurslara çıxış imkanlarının genişləndirilməsi, kitab mübadiləsinin həyata keçirilməsi, birgə tədbirlərin təşkili və s. məsələlər üzrə əməkdaşlıqla bağlı mövzular müzakirə olunub.
Elmi Kitabxananın direktoru Nigar İsmayılova kitabxananın yaranma tarixi, keçdiyi inkişaf yolu və gələcək perspektivləri haqqında qonaqları məlumatlandırıb. Kitabxananın zəngin fondu, oxucu kontingenti, metodik mərkəz kimi fəaliyyəti, yerli və xarici əlaqələri, üzv olduğu beynəlxalq təşkilatlar, burada fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu haqqında bəhs edib.
Akademiyanın Ümumi Kitabxanasının rəisi Şəlalə Həziyeva rəhbərlik etdiyi qurumun fondunun həcmi, resurs çeşidi barədə məlumat verib. Qeyd edib ki, 2013-cü ildən elektron kitabxanası da fəaliyyət göstərən Akademiyanın kitabxanası özündə müasir yenilikləri əks etdirən ən yeni elektron avadanlıqlarla təchiz olunub, elektron kataloq sistemi, internet resurslarına sərbəst çıxış, elektron kitablara əlyetərlik imkanları yaradılıb.
Görüşdə qonaqların sualları cavablandırılıb və Elmi Kitabxana ilə gələcək əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib.
Sonda qonaqlar Elmi Kitabxananın fondları və oxu zallarını ziyarət edib, burdakı iş prosesi və qiymətli, nadir nüsxələr, əlyazmalar ilə əyani şəkildə tanış olublar.