Dövlət Məşğulluq Agentliyi BDU tələbələri üçün növbəti infosessiya keçirib
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun və Dövlət Məşğulluq Agentliyinin (DMA) birgə təşkilatçılığı ilə tələbələr üçün infosessiya keçirilib.
BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov tələbələrin karyera quruculuğu istiqamətində həyata keçirilən işlərdən danışıb. Bildirib ki, Karyera və məzunlarla əlaqə sektorunun fəaliyyəti tələbələrin gələcək iş həyatına aktiv qoşulmasını təmin etməyə yönəlib. Bu məqsədlə təlim və infosessiyalar keçirilir, tələbələr müxtəlif şirkətlərin vakansiyaları, təcrübə proqramları ilə tanış edilir.
Daha sonra DMA-nın əməkdaşı İlham Alı Yusif “İş dünyasına necə hazır olaq” mövzusunda təqdimat edib. Bu mövzunu müzakirə etməkdə məqsəd gənclərin daim dəyişən əmək bazarı barədə məlumatlılığını artırmaq, onları gələcəyin peşə və bacarıqları ilə tanış etmək, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrlar yetişdirməkdir. Əmək bazarına ilk dəfə daxil olan şəxslər bir çox hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar. Ona görə də gənclərin əmək bazarı, işçi qüvvəsinə olan tələblər, gələcəyin peşə və bacarıqları, karyera planlaması haqqında biliklər əldə etməsinə dəstək göstərilməsi vacibdir. Təlimçi tələbələri kommunikasiya strategiyaları, münaqişəli vəziyyətlərin həlli mexanizmləri ilə də tanış edib.