DOST İş Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri BDU tələbələrinə təlim keçib
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının Jurnalistika, İnformasiya və sənəd menecmenti fakültələri üzrə üzvlərinin təşəbbüsü ilə DOST İş Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüstəm İbadovun tələbələr üçün "Media savadlılığı" adlı təlimi keçirilib.
Təlimçi qeyd edib ki, media savadlılığının olmaması insanların informasiya bolluğu şəraitində doğru olanı seçə bilmək imkanlarını azaldır. Media savadlılığı bütün yaş kateqoriyaları üçün vacib olsa da, azyaşlıların, yeniyetmə və gənclərin bu istiqamətdə maarifləndirilməsi zəruridir. Media savadlılığı dezinformasiya ilə mübarizədə əsas üsullardan biridir. Odur ki, gələcək jurnalistlərin bu biliklərə yiyələnməsi olduqca vacibdir.
Təlimdə həmçinin Qərb mediasının ən müasir yanaşma və metodları, televiziyanın təsir imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Medianın insanlar üçün yaratdığı imkanlardan danışan təlimçi onlardan doğru şəkildə yararlanmağın zəruriliyini vurğulayıb.
Təlimin sonunda Rüstəm İbadov tələbələrin mövzu ilə əlaqədar suallarını cavablandırıb.