Çexiyanın Karlova Universitetinin alimləri BDU tələbələri ilə ekspedisiyada
“Erasmus” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində (BDU) səfərdə olan Çexiyanın Karlova Universitetinin professorları Daniel Frynta, ixtioloq Miroslav Švátora və araxnoloq Vera Opatova, Zoologiya və fiziologiya kafedrasının dosenti Çingiz Məmmədov Biologiya fakültəsinin bir qrup tələbəsi ilə birlikdə BDU-nun Altıağacda yerləşən tədris-təcrübə bazasında, Azərbaycanın cənub bölgəsində (Lənkəran, Astara, Lerik) ekspedisiyada olublar. Onlar ərazinin fauna müxtəlifliyini tədqiq edib və təlim keçiblər.
Altıağacda yerləşən tədris-təcrübə bazasındakı ekspedisiya zamanı əcnəbi professorlar tələbələrə növlərin habitatda (canlının yaşadığı və inkişaf etdiyi təbii mühit) axtarılması yolları, heyvanları ovlama metodları (zəif elektrik şoku ilə çaydan balıq tutmaq, “süpürən tor” (sweeping web)) tutulan canlı növünün təyin edilməsi haqqında ətraflı məlumat veriblər.
Lənkəran, Astara, Lerikdə təlim zamanı isə tələbələrə data yığmaq, datanın emalı, növləri bir-birindən fərqləndirmək, növləri təsvir etmək qaydaları, məməli, sürünən, balıq və araxnidləri tutmaq üçün müxtəlif müasir metodlardan istifadə, növün təyini zamanı genetik analiz üçün lazımi materialın toplanması və s. üsullar əyani şəkildə göstərilib.
Tələbələr professorların nəzarəti altında bu metodları tətbiq ediblər.
Tədqiqatlar zamanı tələbələr çöl tədqiqatı bacarıqlarına yiyələniblər.