Bu gün görkəmli jurnalist Nəsir İmanquliyevin anım günüdür
Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin vəfatından 25 il ötür.
Peşəkar redaktor, publisist və pedaqoq Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatı və mədəniyyətinin inkişafına, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib.
Nəsir İmanquliyev 22 dekabr 1911-ci ildə Bakıda anadan olub. 1925-1926-cı illərdə Bakı şəhərində peşə məktəbini bitirib, 1934-cü ildə Bakı şəhərində Lassal adına Neft Texnikumuna daxil olub. Dövri mətbuatda ilk yazıları tələbəlik illərində çap olunmağa başlayıb. Tələbəlik illərindən başlayaraq, “Kommunist”, “Yeni yol”, “Gənc işçi”, “Vətənin səsi” qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışıb. İkinci dünya müharibəsi zamanı 1942-ci ildə siyasi işçi kimi Krım cəbhəsinə göndərilib, orada “Vuruşan Krım” qəzetinin məsul katibi kimi çalışıb, həmçinin hərbi hissədə tərcüməçi kimi xidmət edib. Bir il sonra “Kommunist” qəzetinə məsul katib təyin olunub, bu qəzetdə vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işiq üzü görüb.
Nəsir İmanquliyev 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1948-1950-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsilini iki ilə müvəffəqiyyətlə başa vurub. 1947-1998-ci illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, dosent, professor olub. O, respublika üçün gənc jurnalist kadrlarının hazırlanması işində fəal iştirak edib, bu işə öz əvəzsiz töhfəsini verib. 1958-ci ildə Azərbaycanda yeni tipli “Bakı” və “Баку” (1953) axşam qəzetlərinin baş redaktoru təyin edilib.
Azərbaycan Mədəniyyət Nazirliyinin Radiolaşdırma Baş İdarəsinin rəisi və Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya verilişləri Komitəsi sədrinin birinci müavini vəzifələrində işləyib. 1976-cı ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi”, 1990-cı ildə “Əməkdar jurnalist” fəxri adlarına layiq görülüb.
Professor Nəsir İmanquliyev 1998-ci il martın 7-də Bakı şəhərində vəfat edib.
2011-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Azərbaycanda Nəsir İmanquliyevin 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri keçirilib.
Nəsir İmanquliyev Azərbaycan milli mətbuatının inkişafı uğrunda yorulmadan qələm çalıb, milli ənənələrə bağlı orijinal bir jurnalistlik məktəbi yaradıb. Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmiş alim-publisist zəngin pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynayıb. O, "Radio proqramı", "Vətənin səsi", "Bakı" və "Baku" qəzetlərinin ideya rəhbəri-qurucusu, Bakı Dövlət Universitetinin professoru, görkəmli jurnalist, ictimai xadim kimi çoxsahəli fəaliyyətində, xalqa, vətənə, millətə əsl sədaqət nümunəsi göstərib.
Nəsir İmanquliyevin işıqlı xatirəsi onu sevənlərin, tələbələrinin qəlbində əbədi yaşayacaq!