Bu gün akademik Vasim Məmmədəliyevin anım günüdür
Azərbaycanın görkəmli şərqşünas və islamşünas alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Vasim Məmmədəli oğlu Məmmədəliyevin anım günüdür.
Akademik Vasim Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakı şəhərində anadan olub. 1949-1959-cu illərdə Bakıda 113 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonrakı həyat və fəaliyyətinin əsas hissəsi Bakı Dövlət Universiteti (BDU) ilə bağlı olub. Orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə BDU-nun Şərqşünaslıq fakültəsində ali təhsil alıb, 1964-cü ildə universitetin əyani aspiranturasına daxil olub və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturanı bitirib. Əmək fəaliyyətinə 1968-ci ildən etibarən BDU-da başlayan Vasim Məmmədəliyev 1981–1991-ci illərdə burada Şərqşünaslıq fakültəsinin dekanı, 1991–1992-ci illərdə Universitetin humanitar fakültələr üzrə prorektoru, 1993–2018-ci illərdə İlahiyyat fakültəsinin dekanı vəzifələrində çalışıb, 1991-ci ildən ömrünün sonunadək ərəb filologiyası kafedrasına rəhbərlik edib.
Vasim Məmmədəliyev 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1979-cu ildə professor elmi adını alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib.
Vasim Məmmədəliyev zəngin elmi və pedaqoji fəaliyyəti ilə uzun illər ərzində Azərbaycan elmi və təhsilinə dəyərli töhfələr verib. Respublikada şərqşünaslıq elminin müasir tələblər səviyyəsinə yüksəldilməsində onun müstəsna xidmətləri var. Alimin ərəb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilməsinə həsr olunan və qədim mənbələrə istinadla ərəb dilçilik elminin əsas inkişaf yollarını dolğun işıqlandıran fundamental tədqiqatları dünya şərqşünaslığına töhfə kimi qəbul edilib. Yeni mülahizələrlə zəngin həmin araşdırmalarında alim, eyni zamanda, Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu xüsusi vurğulayıb.
Geniş erudisiyalı alim Vasim Məmmədəliyev, həmçinin Şərq filologiyası və poeziyasının, İslam tarixi və fəlsəfəsinin ayrı-ayrı sahələrinə dair əsərlərin müəllifi kimi tanınıb. "Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biri olaraq onun ölkəmizdə ilahiyyatın və islamşünaslığın yenidən dirçəlməsində özünəməxsus xidmətləri var.
Vasim Məmmədəliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar surətdə uzlaşdırıb, yarım əsrlik bir dövr ərzində BDU-da yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf edib. Keçmiş Sovetlər Birliyində Azərbaycanın ərəbşünaslığın ən qabaqcıl mərkəzlərindən birinə çevrilməsində mühüm əməyi olan alimin çoxsaylı yetirmələri Azərbaycanda və onun hüdudlarından kənarda ölkəmizi daim uğurla təmsil ediblər.
Vasim Məmmədəliyevin elmi axtarışlarının nəticələri 30-dan artıq kitabda və 600-ə yaxın elmi, publisistik məqalədə əksini tapıb. Onun rəhbərliyi ilə 50-dən çox fəlsəfə və elmlər doktorları hazırlanıb. Alimin dünyanın müxtəlif ölkələrində beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları elmi dairələr tərəfindən rəğbətlə qarşılanıb. Ərəb dilçiliyi və ilahiyyatla bağlı çoxsaylı sanballı tədqiqatları layiqincə dəyərləndirilən şərqşünas bir sıra ölkələrin mötəbər akademik elmi qurumlarına üzv seçilib.
Akademik Vasim Məmmədəliyevin uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, elmin və təhsilin inkişafında xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan "Şöhrət” və "Şərəf” ordenlərinə layiq görülüb.
Vasim Məmmədəliyev 2019-cu il oktyabrın 13-də ömrünün 78-ci ilində vəfat edib.
Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədəli oğlu Məmmədəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.