BDU və İsrailin Yerusəlim İbrani Universiteti arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqavilələri imzalanıb
Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (Hebrew University of Jerusalem (HUJI)) arasında ikili diplom proqramı və birgə tədqiqat üzrə əməkdaşlıq müqavilələrinin imzalanması mərasimi keçirilib.
Əvvəlcə hər iki universitetlə bağlı tanıtım çarxları nümayiş olunub.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, HUJI ilə Biotexnologiya üzrə ikili diplom proqramının yaradılması akademik mükəmməlliyə və qlobal tərəfdaşlığa doğru uzun yolun başlanğıcıdır. Bu proqram Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universiteti üçün böyük elmi nailiyyətlər və beynəlxalq əməkdaşlığın yeni dövrünün başlanğıcı olacaq: “İkili diplom proqramı biotexnologiyanın ən son nailiyyətlərini əhatə edən tədris planı vasitəsilə hər iki qurumun yanaşmasını birləşdirəcək. Bu əməkdaşlıq vasitəsilə tələbələrimiz İsrailin tanınmış professor-müəllim heyəti və mütəxəssisləri ilə birbaşa çalışacaq, biliyi mənbəyində əldə edəcəklər. Həm də onlar müxtəlif mütəxəssis yanaşmalarını, qabaqcıl tədqiqatları və mürəkkəb bioloji problemlərin həllinə innovativ yanaşmaları dərindən mənimsəyəcəklər. Sözügedən proqram tələbələrimizin akademik təcrübəsini artırmaqla yanaşı, mədəni mübadilə və beynəlxalq şəbəkələşmə üçün də yeni imkanlar yaradacaq. Tələbələrimiz Bakı və Yerusəlimin zəngin akademik və mədəni mühiti ilə tanış olmaq, mədəniyyətlərarası qardaşlığı gücləndirmək şansı əldə edəcəklər. Bu proqram müstəsna təhsil və elmi tədqiqat imkanları yaradacaq”.
Elm və təhsil naziri Emin Əmrullayev isə bildirib ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən həyata keçirilir. Proqramın ikili diplom proqramları üzrə ikinci istiqamətinə uyğun olaraq bu illər ərzində ölkənin bir neçə ali məktəbi ilə müxtəlif ölkələrin ali məktəbləri arasında ikili diplom proqramları imzalanıb. Həmin proqramlara əsasən, indiyədək 1000-dən artıq Azərbaycan vətəndaşı ölkədən ayrılmadan dünyanın ən qabaqcıl universitetlərinin diplomunu əldə edib: “BDU və Yerusəlim İbrani Universiteti arasında imzalanan ikili diplom proqramı Azərbaycan tələbələri, cəmiyyəti, iqtisadiyyatı üçün böyük əhəmiyyətə malikdir. Bu proqram eyni zamanda Azərbaycan-İsrail münasibətlərini daha da irəli aparacaq, hər iki universitet üçün uğurlu olacaq. Proqramdan Azərbaycanın 100-dən artıq vətəndaşı faydalanacaq”.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov isə qeyd edib ki, bu proqram BDU-nun həm təhsil, həm tədqiqat sahəsində potensialını artıracaq. Proqramın icrası BDU-nun biotexnologiya sahəsində inkişaf etməsində faydalı rol oynayacaq: “Layihə 3 istiqamətdən ibarətdir. Birinci istiqamət ikili diplom üzrə magistr proqramını əhatə edir. İkinci istiqamətdə hər iki universitetin gənc tədqiqatçı və tələbələrinin iştirakı ilə birgə tədqiqatların aparılmasını əks etdirir. Proqram çərçivəsində 5 il müddətində 10 layihə həyata keçirləcək və hər bir layihə 4 il davam edəcək. Layihənin üçüncü istiqaməti isə biotexnologiya sahəsində doktorantura təhsili ilə bağlıdır”.
Yerusəlim İbrani Universitetinin Beynəlxalq məsələlər üzrə vitse-prezidenti, professor Oron Shagrir isə vurğulayıb ki, layihə hər iki universitetin tələbələrinə birgə tədqiqat aparmaq və beynəlxalq təcrübə qazanmaq imkanı verəcək: “BDU tələbələri bu sahədə beynəlxalq təcrübəni öyrənib, Azərbaycanda həmin bilikləri tətbiq edəcəklər. Bu layihə ikitərəfləri tədiqatların aparılması üçün başlanğıcdır. Layihədən gözləntilərimiz çoxdur”.
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev isə bu proqramın iki xalqın müttəfiqlik münasibətlərini daha da gücləndirəcəyini bildirib: “İsrail bizim tarixi, Azərbaycan isə ana Vətənimizdir. Azərbaycan multikulturalizm, tolerantlıq sahəsində dünyada analoqu olmayan nümunə yaradıb”.
Sonra BDU və Yerusəlim İbrani Universiteti arasında ikili diplom proqramı və birgə tədqiqat üzrə əməkdaşlıq müqavilələri imzalanıb. Müqavilələri BDU rektoru Elçin Babayev və Yerusəlim İbrani Universitetinin Beynəlxalq məsələlər üzrə vitse-prezidenti Oron Shagrir imzalayıblar.
Tədbir “Azərbaycan-İsrail dostluğu” adlı bədii proqramla davam edib.