BDU və Ankara Universitetinin birgə təşkilatçılığı ilə “Bir millət, iki dövlət” adlı Beynəlxalq elmi konfransın açılışı
Türkiyənin Ankara şəhərində Bakı Dövlət Universiteti (BDU) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Bir millət, iki dövlət" adlı Beynəlxalq elmi konfransın açılışı olub.
Əvvəlcə Türkiyə və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda giriş sözü ilə çıxış edən Ankara Universitetinin rektoru Necdet Ünüvar bildirib ki, hər iki ölkənin tarixində 2023-cü il tarixi əhəmiyyət daşıyır. Türkiyə Cümhuriyyətinin yaranmasının 100 ili və Azərbaycanda "Heydər Əliyev İli"nin qeyd olunması tarixi hadisədir. Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən bəhs edən rektor qeyd edib ki, məhz Ulu Öndərin xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra Türkiyə-Azərbaycan əlaqələrində yeni səhifə açılıb. Hazırda da bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində hər iki ölkə arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir.
Necdet Ünüvar 2003-cü ildə səhiyyə nazirinin müşaviri olarkən Azərbaycana səfəri və Ulu Öndər Heydər Əliyevlə görüşü barədə xatirələrini bölüşüb: “Həmin görüşdə Heydər Əliyevin Türkiyəyə olan böyük sevgisinin şahidi olduq. O sevginin nəticəsidir ki, Azərbaycanla Türkiyənin möhkəmlənən qardaşlıq əlaqələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sarsılmaz dostluğu ilə davam etdirilir”.
Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, həyatının məqsədi, başlıca amalı Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edib: "Ümummilli Lider öz soy-kökünə, milli-mənəvi dəyərlərimizə söykənərək misilsiz xidmətlər göstərib, bu müqəddəs missiyanı uğurla, şərəflə, cəsarət və mərdliklə yerinə yetirib. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Müdrik xalqımız hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoyduğunu, Azərbaycanın müstəqilliyə gedən yolunun təməllərini formalaşdırdığını çox yaxşı dərk edir. Məhz həmin illərdən başlayaraq Azərbaycan Heydər Əliyevin inanılmaz səyləri ilə sovetlər birliyinin geridə qalmış respublikasından sənayenin inkişaf etdiyi bir ölkəyə çevrildi. Ölkəmiz üçün mürəkkəb bir dövrdə, onun parçalanmaq, bölünmək təhlükəsi ilə üzləşdiyi illərdə Ulu Öndər Heydər Əliyev yenidən xalqımızın nicatı oldu. O, xalqın çağırışı ilə yenidən və bu dəfə daha böyük əzm və inamla Azərbaycana rəhbərliyə qayıdaraq xilaskarlıq missiyasını davam etdirdi. Ulu Öndər tərəfindən tez bir zamanda qüdrətli Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyən edildi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazıldı. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olundu. Ölkəyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, Ulu Öndər Heydər Əliyevin misilsiz neft strategiyası dövlətimizi qüdrətləndirdi. Ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi və hərbi qüdrəti yeni, yüksək mərhələyə qədəm qoydu”.
Rektor bildirib ki, 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən cənab İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə inkişaf etdirərək ölkəmizi dünyanın qüdrətli dövlətlərindən birinə çevirdi. Müqəddəs ata vəsiyyətini, işğal olunmuş ərazilərimizin azad edilməsi ilə bağlı xalqımızın ən ülvi və müqəddəs arzusunu şərəflə yerinə yetirdi, xalqımızın müzəffər xalq olduğunu bütün dünyaya sübut etdi: “Xalqımız Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini ona olan böyük sevgi və ehtiram hissi ilə yanaşı, müzəffər xalq olaraq böyük qürur, fəxarət və möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıq hissləri ilə qarşılayır. Eyni zamanda xalqımız Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Ulu Öndərin tükənməz irsinin tədqiqi və təbliği sahəsindəki əvəzsiz xidmətlərini yüksək qiymətləndirir. Bu gün Ulu Öndərin hər zaman sonsuz diqqət və qayğı ilə yanaşdığı, “Mən çox xöşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, eyni zamanda “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı BDU-nun kollektivi də bütün xalqımız kimi dahi liderin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edir”.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova "Heydər Əliyev İli” çərçivəsində Ankarada həyata keçirlən tədbirlərdən bəhs edib, hər iki ölkənin aparıcı ali təhsil müəssisələrinin əməkdaşlıq əlaqələrinin türk dünyasında elm və təhsilin inkişafına öz töhfəsini verdiyini bildirib.
Daha sonra konfrans “Türk dünyası tarixində Heydər Əliyev” adlı panel iclası ilə davam edib.