BDU və ADA Universitetinin təşkilatçılığı ilə akademik Roald Saqdeyevin 90 illik yubileyi qeyd olunub
Bakı Dövlət Universitetinin və ADA Universitetinin təşkilatçılığı ilə dünya şöhrətli akademik Roald Saqdeyevin anadan olmasının 90 illiyinə həsr olunmuş beynəlxalq multidissiplinar konfrans keçirilib.
Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev akademik Roald Saqdeyevin əfsanəvi şəxsiyyət olduğunu vurğulayıb və onun həyatı, elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Rektor diqqətə çatdırıb ki, ABŞ-ın Merilend Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev Azərbaycanda kosmik sahədə tədqiqatlara böyük töhfələr vermiş şəxsiyyət, Kosmik Məsələlər üzrə Şuranın üzvüdür. O, həm də BDU-nun Himayəçilər Şurasının üzvü kimi daim öz dəyərli məsləhətlərini verir. Milliyətcə tatar olan Roald Saqdeyev 1950-ci ildə Moskva Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb, Nobel mükafatı laureatı, bakılı Lev Landaunun tələbəsi olub. Roald Saqdeyev 36 yaşında SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilən ən gənc şəxslərdən biridir. 1984-cü ildə o, toroidal plazmada daşınma proseslərinin neoklassik nəzəriyyəsinin əsaslarının yaradılmasında nailiyyətlərinə görə Lenin mükafatına layiq görülüb. O, bu mükafata 2 dəfə layiq bilinib.
Roald Saqdeyev SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun direktoru kimi “Kosmos”, “Proqnoz”, “İnterkosmos”, “Meteor” və “Astron” proqramları kimi bir neçə tədqiqat layihəsinə rəhbərlik edib. Roald Saqdeyev 1986-cı ildə Halley kometinə dair beynəlxalq tədqiqat proqramındakı fəaliyyətinə və uğurlarına görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1988-ci ildə Fransada "İlin adamı" adını alıb. O, bir çox beynəlxalq kosmik layihələrə rəhbərlik edib. Görkəmli alim 1990-cı ildən Merilend Universitetinin professorudur. ABŞ Milli Akademiyasının, Amerika İncəsənət və Elmlər Akademiyasının, İnkişaf etməkdə olan Ölkələr Elmlər Akademiyasının (TWAS), Macarıstan Elmlər Akademiyasının və İsveç Kral Elmlər Akademiyasının üzvüdür. Görkəmli alim həmçinin Nüvə Fəlakətinin Qarşısının Alınması üzrə Beynəlxalq Lüksemburq Forumunun Müşahidə Şurasının üzvüdür. O, hazırda qlobal strategiya firması olan “Albright Stonebridge Group”da baş məsləhətçidir.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə isə çıxışında bildirib ki, son illər BDU və ADA Universiteti arasında çox yaxşı işbirliyi yaranıb. Hər iki universitet bir çox layihələrdə birgə fəaliyyət göstərir. Fariz İsmayılzadə akademik Roald Saqdeyevi “Azərbaycanın böyük dostu” adlandırıb və bu dostluğun yaranmasında Azərbaycanın görkəmli ziyalıları – ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin xidmətlərini diqqətə çatdırıb. Bildirib ki, 2023-cü ildə Bakıda 5000-dək alimin iştirakı ilə Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Bu tədbirin təşkilatçılığında akademik Roald Saqdeyevin böyük rolu var. Görkəmli alim həmçinin ADA Universitetində İT və mühəndislik fakültəsinin yaranmasında, Amerika universitetləri ilə birgə magistr proqramlarının imzalanmasında, Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasında da mühüm xidmətlər göstərməkdədir. Fariz İsmayılzadə Roald Saqdeyevin bu xidmətlərinin Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Milli Aviasiya Akademiyasının kafedra müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, professor Əhəd Canəhmədov isə Roald Saqdeyevin ölkədə kosmik sənayenin inkişafına verdiyi töhfələrin əvəzsiz olduğunu bildirib.
Tədbirdə Roald Saqdeyevin həyatı və elmi fəaliyyəti haqqında videoçarx nümayiş olunub.
Daha sonra BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov “Sıxılmış nüvə maddəsi ifrat yüksək enerjili kosmik zərrəciklərin mənbəyi ola bilərmi?”, Elm və Təhsil Nazirliyinin Fizika Institutunun şöbə müdiri, professor Rüstəm Rüstəmov “Kosmos-kosmik tədqiqatlara bağlı tale”, BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, dosent Kəmalə Alışeva “Yeni ulduzlardan planetar dumanlıqlara doğru”, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Lalə Qəhrəmanlı “Ag-Ag2S-CdS əsaslı hibrid nanokatalizatorlar vasitəsilə fotokatalitik deqradasiya prosesinin tədqiqi” mövzularında məruzələr ediblər.