BDU tələbəsi Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 44-cü sessiyasında iştirak edib
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin I kurs tələbəsi Azər Seyidli Avropa Şurasının (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin (Congress of Local and Regional Authorities) “Gənc təmsilçi”si kimi qurumun Strasburqda keçirilmiş 44-cü sessiyasında iştirak edib.
Avropa Şurası artıq 7 ildir “Gənc təmsilçi” proqramını reallaşdırır. Proqrama əsasən, hər il Avropa Şurasına üzv ölkələrdən yalnız bir gəncə “Gənc təmsilçi” mandatı verilir . Həmin gənc Konqresin sessiyalarına qatılır, öz ölkəsini AŞ-nin müvafiq strukturunda təmsil edir. Bu təmsilçinin debatlar zamanı öz fikirlərini bildirmək, gündəlikdəki məsələlərlə bağlı Konqres üzvləri ilə fikir mübadiləsi aparmaq hüququ var. Konqresin 44-cü sessiyasında əsas müzakirə mövzuları gənclərin iştirakı ilə lokal səviyyədə demokratiyanın inkişafı, ətraf mühitin qorunması üçün regional strategiyalar, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması, şəhər və regionların böhranlar zamanı gücləndirilməsi olub.
İngilis dilində sərbəst danışan Azər Seyidli gündəlikdəki müzakirələrdə fəal iştirak edib.
Proqramın məqsədi Avropanın yerli səviyyədə qərarvericiliyində gənclərin rolunu gücləndirmək, qəbul olunan qətnamə və qərarlarda gənclərin fikirlərini öyrənməkdir.