BDU tələbələrinin maarifləndirmə aksiyası
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Universitet ərazisi, AMEA bağı və Hüseyn Cavid parkında maarifləndirmə aksiyası keçiriblər.
Tələbələr “Biz təbiəti qoruduqca, təbiət də bizi qoruyur”, “Ağac əkmək üçün birləşək”, “Qarabağın meşələrini birlikdə dirçəldək”, “Yer kürəsini iqlim dəyişikliklərindən qoruyaq”, “Gəlin daha yaxşı bir dünya quraq”, “Torpağın dostlara ehtiyacı var” kimi şüarlar səsləndirərək insanları ətraf mühiti qorumağa çağırıblar.
Qeyd edək ki, BMT Baş Assambleyasının 1972-ci ildə keçirilən iclasında ətraf mühitin mühafizəsi problemlərinə diqqəti yönəltmək üçün 5 iyunun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilib.