BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi” adlı təlim keçirilib. Təlimdə fakültənin könüllüləri və Tələbə Gənclər Təşkilatının üzvləri iştirak ediblər.
Fakültənin dekanı Rövşən Cavadov tərəfindən keçirilən təlimdə ailə institutunun yaranma və formalaşma tarixi, inkişaf xüsusiyyətləri, qloballaşan dünyada ailəyə göstərilən yad təsirlər barədə məlumat verilib. Rövşən Cavadov qeyd edib ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi özündə milli adət-ənənələrimizi yaşatmalıdır. Rövşən Cavadov bildirib ki, ailə cəmiyyətlə, mövcud olduğu dövrlə daim sıx əlaqədə olan bir institutdur. Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı, internetin həyatın hər sahəsinə nüfuz etməsi bir sıra müsbət tendensiyalarla yanaşı, bəzən neqativ rol da oynayır. Yad, millətimizə xas olmayan ideyaların, davranış tərzlərinin təbliği böyüməkdə olan nəslə bəzən yanlış yol göstərir, ailə münasibətlərində arzuolunmaz transformasiyalar baş verir. Bu baxımdan gənc nəslin təlim-tərbiyəsində ailə ilə bərabər, təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşür. Cəmiyyət, hər bir vətəndaş bu yad meyllərin qarşısını qətiyyətlə almalı, milli dəyərlərin qorunması, itməməsi üçün güc sərf etməlidir.
Təlimdə Sosial elmlər və psixologiya fakültəsində ailə institutuna dair aparılan tədqiqatlar, ailədaxili münasibətlərin psixoloji aspektləri barədə də məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.