BDU tələbələri kimya sənayesinin və radioaktiv elementlərin ətraf mühitə təsirini araşdırıblar
Fakültənin III kurs tələbəsi Banu Hüseynova “Kimya sənayesinin ətraf mühitə təsiri” mövzusunda çıxışında müasir kimya sənayesinin istiqamətləri – neft emalı və neft-kimya sənayesi, sement istehsalı, kağız-sellüloza sənayesi haqqında ətraflı məlumat verib. O bildirib ki, zərərli maddələrin suya və havaya atılması, metallurgiya, istilik-energetika, dağ-mədən, kağız-sellüloza və digər sənaye sahələrinin tullantılarının həcminin artması nəticəsində təbiətdə harmoniya pozulur. Problemdən çıxış yollarından biri də daxili yanma mühərriklərinin atmosferi çirkləndirməyən elektromobillərlə əvəz olunmasıdır. Sement istehsalında lazım olan bir sıra materialların, o cümlədən asbest, qum, çınqıl, qırmanın hasilatı zamanı çoxlu miqdarda tozun əmələ gəlməsi də çox təhlükəlidir. Kimya sənayesi kükürd və azot oksidləri, hidrogen-flüorid kimi çirkləndirici maddələrin mənbəyi hesab edilir. Həmçinin külli miqdarda neftin suya qarışması canlılar üçün ciddi təhlükə törədir. Ətraf mühitin və insanların sağlamlığının qorunması elektromobillərdən istifadə, məişət tullantılarının düzgün çeşidlənməsi, tullantısız və aztullantılı texnologiyalardan istifadə və s. nəticəsində mümkündür.
Fakültənin IV kurs tələbəsi Leyla Quliyeva “Radioaktiv elementlərin insan orqanizmində yaratdığı fəsadlar” adlı məruzəsində atomun quruluşu, nüvə çevrilmələri, bu zaman ayrılan enerji haqqında məlumat verib. O bildirib ki, atomun nüvəsindən enerji əldə edilməsi bir çox ölkələrdə yaşayan insanları ionlaşdırıcı şüalanmaya məruz qoyub. Müasir elmi-texniki tərəqqinin əsas tərkib hissəsi olan nüvə energetikasının inkişafı, ionlaşdırıcı şüaların və radioaktiv maddələrin biologiya, tibb, kənd təsərrüfatında və digər sahələrdə tətbiqi insanların radiasiya ilə təmas riskini artırıb. Ətraf mühitin əsas tərkib hissəsi olan ionlaşdırıcı radiasiya ilə insanların qarşılıqlı təsirlərinin genişlənməsi onların bioloji təsirlərinin öyrənilməsi və profilaktik tədbirlərin görülməsini aktual edir. Müxtəlif dövrlərdə baş vermiş nüvə qəzaları, nüvə silahlarının istifadəsi və sınaqdan keçirilməsi canlıları radiasiya təhlükəsi ilə üz-üzə qoyub. Radioaktiv maddələrin təsirindən sinir sisteminin, qalxanabənzər vəzin, ağciyərlərin, mədə-bağırsaq sisteminin funksiyaları pozulur ki, bu da infeksion xəstəliklərə qarşı orqanizmin immunitetinin zəifləməsinə və ölümə gətirib çıxarır. Elmi məruzənin sonunda bildirilib ki, bir sıra qida məhsulları, tikinti materialları da radiasiya mənbəyi rolunu oynayır və bu, canlılar üçün təhlükəlidir.