BDU tələbələri Hərbi Qənimətlər Parkında
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ərəfəsində Hərbi Qənimətlər Parkı ziyarət edilib. Ziyarət zamanı tələbələr Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qənimət kimi ələ keçirdiyi texnika, döyüş sursatı və digər eksponatlarla tanış olublar.
Qeyd olunub ki, kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini talayan, məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapıb. Kompleksdə həmçinin, Ermənistan Silahlı Qüvvələrinə məxsus KUB, OSA zenit raket kompleksləri, 150-dək ağır texnika, T-72 tankları, piyadaların döyüş maşınları, 2S1 özüyeriyən artilleriya qurğusu və digər eksponatlar yer alıb. Park Azərbaycan Ordusunun gücünü, tarixi Qələbəni bizə yaşadan şəhid və qazilərimizin bəxş etdiyi qüruru gələcək nəsillərə çatdırmaq üçün dəyərli bir nümunədir.
Ekskursiya tələbələrdə böyük təəssürat yaradıb, onlara qürurlu anlar yaşadıb.