BDU tələbələri Bakı Zooloji Parkında “Qırmızı kitab”a daxil olan quş növləri ilə tanış olublar
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Təbiətin Davamlı Harmoniyası” klubunun üzvləri 22 may - Beynəlxalq Biomüxtəliflik Günü münasibəti ilə Bakı Zooloji Parkında tədbir keçiriblər.
Tədbirdə Zoologiya və fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyev onurğalı heyvanlar arasında ən çox təsirlərə məruz qalan quşlar haqqında təqdimat edib. O, Azərbaycan ornitofaunasında quşların növ tərkibi, məskunlaşma xarakteri və “Qırmızı kitab”ın 3-cü nəşrinə daxil edilən növlər barədə tələbələrə məlumat verib. Qeyd edib ki, “Qırmızı kitab”a daxil edilən fauna növlərinin zoopark şəraitində çoxaldılaraq xüsusi rejimlə qorunan təbiət ərazilərinə buraxılması, areallarının genişləndirilməsi müasir dövrümüzün vacib problemlərindəndir.
Tələbələr “Qırmızı kitab”ın 3-cü nəşrinə daxil edilən növlər, onların yaşayış şəraiti, təbiətə reabilitasiyası sahəsində görülən işlərlə yaxından tanış olublar.