BDU-nun “Web of Science”də indekslənən “TWMS Journal Pure and Applied Mathematics” jurnalı 329 beynəlxalq nəşr arasında 8-ci yerdədir
“Clarivate Analitics” Beynəlxalq İnformasiya Agentliyinin bu günlərdə açıqlanan hesabatına əsasən, Türk Dünyası Riyaziyyat Cəmiyyətininvə Bakı Dövlət Universitetinin (BDU)“Web of Science” bazasında indekslənən “TWMS Journal Pure and Applied Mathematics” jurnalının impakt faktoru (təsir əmsalı) 2.722-dən 3.8-ə qədər yüksəlib. Hazırda jurnalın 5 il üzrə orta impakt faktoru 2.4 təşkil edir.
Jurnal “Riyaziyyat” kateqoriyası üzrə “Web of Science” bazasında indekslənən 329 beynəlxalq nəşr arasında 8-ci yerdə və “Tətbiqi riyaziyyat“ kateqoriyası üzrə 267 beynəlxalq nəşr arasında 16-ci yerdə qərarlaşıb.
2010-cu ildən başlayaraq ingilis dilində nəşr olunan jurnalda nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələri üzrə elmi məqalələr dərc edilir. Jurnalın redaksiya heyətinə dünyanın 18 ölkəsindən 48 tanınmış alim daxildir. Jurnal 50-dən çox ölkənin universitet və elmi mərkəzlərində yayımlanır.Jurnalın indiyə qədər nəşr olunmuş 27 nömrəsində 270-dən artıq məqalə dərc edilib.
Qeyd edək ki, 2015-ci ildə jurnal “Clarivate Analitics” Beynəlxalq İnformasiya Agentliyinin “Emerging Sources Citation Index“ və 2020-ci ildə isə “Science Citation Index Expanded” bazasına daxil edilib. Jurnalda dərc olunan məqalələr “MatReviews”, “Zentrablatt” və “VINITI” kimi bazalarda arxivlənir.