BDU-nun tərəfdaş olduğu DIRNA layihəsinin yay məktəbi başa çatıb
Bakı Dövlət Universitetinin (BDU) tərəfdaş, Xəzər Universitetinin koordinatoru olduğu Avropa İttifaqının "Erasmus + KA2" proqramı çərçivəsində maliyyələşdirilən “Azərbaycanda institusional repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) adlı layihənin Gəncə Dövlət Universitetində 5 gün davam edən yay məktəbi başa çatıb.
Yay məktəbində layihənin tərəfdaşı olan Azərbaycan universitetlərindən Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Avropa tərəfdaşlarından isə Jyväskylä Universiteti (Finlandiya), L'Aquila Universiteti (İtaliya), İzmir Yüksək Texnologiya İnstitutunun (Türkiyə) nümayəndələri iştirak ediblər.
Açılış mərasimində Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və Xəzər Universitetinin rektoru İradə Xəlilova çıxış edərək, DIRNA layihəsinin əhəmiyyətindən və yay məktəbindəki təlimin elektron arxiv şəbəkəsinin yaradılmasındakı rolundan bəhs ediblər.
Təlimin ilk günündə Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun kitabxana müdiri Gültekin Gürdal təqdimatla çıxış edib, universitet kitabxanasının təhsilin və tədqiqatın inkişafında rolundan, İnstitusional Repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafından və Türkiyənin bu sahə üzrə təcrübəsindən danışıb. Daha sonra İtaliyanın L'Aquila Universitetinin kitabxana direktoru Qrazia Di Bartolomeo “Kitabxana sistemləri və onların açıq girişdə rolu: transformativ müqavilələr”, təlimə onlayn qoşulan Anna Tozzi “Açıq giriş və açıq elm: prinsipləri və əhəmiyyəti”, Françesko Tarquini isə “Açıq giriş və açıq elm nəşrləri” mövzusunda təqdimatla çıxış ediblər.
Yay məktəbinin ikinci günündə Finlandiyanın Jyväskylä Universitetinin İnformasiya texnologiyaları fakültəsinin elmi işçisi Kati Klements məsuliyyətli tədqiqat və innovasiya, tədqiqatçılar üçün etibarlı nəşriyyatçılar, tədqiqatda verilənlərin idarə edilməsi, açıq nəşriyyat etikası, müəllif hüquqları və hüquqi məsələlər haqqında təqdimatlar edib.
Üçüncü gün İzmir Yüksək Texnologiya İnstitutunun digər nümayəndələri repozitariyanın proqram təminatının seçimi, institusional repozitoriyaların texniki tələbləri və spesifikasiyaları, Dspace proqramına məlumatların daxil edilməsi kimi mövzular haqqında danışıb.
Təlimin dördüncü və beşinci günləri tərəfdaş Avropa universitetlərində tətbiq edilən proqram təminatlarının demo versiyaları üzərində təcrübi, interaktiv təlimlər keçirilib. Təlimin son günü iştirakçılara sertifikatlar təqdim olunub.
Qonaqlar yay məktəbinin proqramına uyğun olaraq Göygöl Milli Parkını, Nizami Gəncəvi məqbərəsi və muzeyini, Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksini və “İmamzadə” dini kompleksini ziyarət ediblər.
BDU-nu yay məktəbində rektorun Rəqəmsallaşma və informasiya üzrə müşaviri Şəbnəm Səfərova, Elmi Kitabxananın direktoru, layihənin BDU üzrə rəhbəri Nigar İsmayılova, kitabxananın Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri, layihənin meneceri Cəmilə Yusifova və universitetin daha 3 əməkdaşı təmsil ediblər.
Layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəllif(lər)ə aiddir, Aİ-nin və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir. Aİ və EACEA onlara görə məsuliyyət daşımır.