BDU-nun Tarix fakültəsində Respublika elmi konfransı: “Müsəlman Şərqinin ilk Cumhuriyyəti”
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Azərbaycan Xalq Cumhuriyyətinin 105-ci ildönümünə həsr olunmuş “Müsəlman Şərqinin ilk Cumhuriyyəti” mövzusunda Respublika elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Cümhuriyyətin Azərbaycan tarixindəki yeri haqda ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.
Plenar iclasda BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Naibə Əhmədova, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini Fərhad Cabbarov, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosentləri Boran Əziz, Arifə Adıgözəlova, Ələmdar Şahverdiyev Azərbaycan Xalq Cumhuriyyətinin tarixi ilə bağlı geniş məruzə ediblər. Çıxışlarda qeyd olunub ki, Şərqdə ilk dəfə olaraq demokratik, dünyəvi dəyərlərə əsaslanan müstəqil respublikanın yarandığı bütün dünyaya bəyan edillib. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə olub. Hazırda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun davam etdirilir. Artıq ikinci ildir ki, Azərbaycan 28 May - Müstəqillik Gününü öz ərazi bütövlüyünü təmin etmiş qalib dövlət kimi qeyd edir.
Konfrans işini 5 bölmə iclası üzrə davam etdirib, BDU-nun professor-müəllim heyəti, doktorant, magistrant və tələbələri, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Dillər Universiteti, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Qərbi Kaspi Universitetinin əməkdaşları 50-dən artıq məruzə ilə çıxış ediblər.