BDU-nun Tarix fakültəsində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş elmi seminar keçirilib
Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Azərbaycan xalqının müstəqillik uğrunda şərəfli mübarizə tarixi barədə iştirakçılara ətraflı məlumat verib. “Azərbaycanda milli dövlət quruculuğunda yeni mərhələ” adlı məruzə ilə çıxış edən İbrahim Zeynalov qeyd edib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə xalqımızın uzun illər yaşatdığı istiqlal ideyasını reallaşdırdı. Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Xalqımız həsrətində olduğu azadlığına qovuşdu. Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı, müstəqilliyin ilk illərində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Azərbaycanın dövlət müstəqilliyinin təhlükədən qurtarması, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi liderin dövlətçilik ənənələrini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz regionun lider dövləti kimi beynəlxalq nüfuzunu, iqtisadi, müdafiə qüdrətini daha da artırdı. Bu proseslərin məntiqi davamı isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən müharibəsində şanlı qələbəsi oldu.
Seminarda Milli Məclisin deputatı, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərov "Zəfərə aparan yol" mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan dövlətçiliyinin tarixi köklərinə nəzər salan Anar İsgəndərov müstəqilliyin hər bir vətəndaş üçün əvəzedilməz nemət olduğunu bildirib. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda edən şəhidləri yad edən natiq birinci Qarabağ savaşında məğlubiyyətin səbəblərinə diqqət çəkib və nəhayət, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında təcavüzkar Ermənistan ordusu üzərində tarixi zəfər qazanan şanlı Azərbaycan Ordusunun bütün şəhidlərin və günahsız qurbanların qisasını aldığını, bu tarixi zəfərin Azərbaycan xalqının son iki yüz illik tarixində ən böyük qələbəsi olduğunu, Qarabağın düşməndən azad edilməsi ilə Vətən tarixinin ən şanlı səhifəsinin yazıldığını bildirib.
Milli Məclisin deputatı Naqif Həmzəyev “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, əbədidir” adlı məruzəsində isə müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən daha çətin olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, məhz Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyən olunub, ictimai-siyasi sabitlik təmin edilib, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanılıb. Azərbaycan gələcək taleyi baxımından həlledici rola malik “Əsrin müqaviləsi”ndə iştirakı ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazanıb. Ölkəmiz bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır.
Seminarın sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.