BDU-nun Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans başa çatıb
Bakı Dövlət Universiteti (BDU) ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı çərçivəsində Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində” mövzusunda Beynəlxalq elmi konfrans başa çatıb.
Bağlanış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev konfransın məhsuldar olduğunu və şərqşünaslıq elminin inkişafına töhfə verəcəyini bildirib. Rektor nəzərə çatdırıb ki, bu sahədə aparılan elmi tədqiqatlar ölkədaxili, regional və beynəlxalq əməkdaşlıq sayəsində öz effektini daha da artıra bilər. Rektor müxtəlif ölkələrdən olan alimləri şərqşünaslığın aktual problemləri üzrə birgə elmi əməkdaşlığa səsləyib.
Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 4 bölmədə 100-dən artıq məruzənin dinlənildiyi ikigünlük konfransda 9 xarici ölkədən (Türkiyə, Özbəkistan, Qazaxıstan,Qırğızıstan, Türkmənistan, Pakistan, İraq, Polşa, Macarıstan), o cümlədən respublikanın ali məktəbləri və elmi qurumlarından olan tədqiqatçılar, görkəmli şərqşünas məzunlar iştirak ediblər. Konfransda “Azərbaycanla Şərq ölkələri arasında mədəni əlaqələr”, “Şərq xalqlarının yazılı abidələri”, “Orta əsr şərq ədəbiyyatı”, “Müasir Şərq ədəbiyyatı”, “Türkologiyanın aktual problemləri”, “Türk dünyasının elmi-mədəni əlaqələri”, “Şərq dillərinin öyrənilməsi və tədrisinin aktual problemləri”, “Şərq ölkələrinin mədəniyyətləri, dil və üslub problemləri”, “Tərcümənin nəzəri və praktiki problemləri”, “Multikultural siyasət və mədəni dəyərlər”, “Müharibədən sonrakı dövrdə Azərbaycanın Qarabağ bölgəsində mədəni irsin bərpası”, “Şərq-Qərb: tarixilik və müasirlik”, “Heydər Əliyev və Yaxın Şərqin ərəb ölkələri” kimi sahələr üzrə məruzələr dinlənilib.