BDU-nun SABAH qruplarının məzunu MİQ müsabiqəsində Riyaziyyat fənni üzrə ölkə birincisi olub
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Riyaziyyat müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirən Süleyman Bağırov müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində Riyaziyyat fənni üzrə ölkə birincisi olub.
Süleyman Bağırov tələbəlik illərində də bir çox nailiyyətlər qazanıb. O, 2018-2019-cu illərdə SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin və Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş bilik yarışlarında riyaziyyat və informasiya texnologiyaları üzrə I yerlərə layiq görülüb.
2020-ci ildə Təhsildə Araşdırma və İnkişaf Mərkəzi tərəfindən 30 yaşa qədər Riyaziyyat müəllimləri arasında keçirilən Respublika olimpiadasında II yeri tutub.
Süleyman Bağırov iki il ardıcıl olaraq MİQ imtahanlarında uğur qazanıb. O, 2022-ci ildə MİQ imtahanında Riyaziyyat fənni üzrə 87.5 bal toplayıb. 2023-cü il MİQ imtahanında isə Riyaziyyat fənni üzrə 88.75 bal toplayaraq ölkə birincisi olub.
Süleyman Bağırov hazırda BDU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının doktorantıdır.
Məzunumuza gələcək təhsilində və karyerasında uğurlar arzulayırıq!