BDU-nun rektoru Elçin Babayev Azərbaycanın Moldovadakı səfiri ilə görüşüb
Rektor Elçin Babayev qonağa BDU-da tədris və elmi fəaliyyət, son illər həyata keçirilən islahatlar prosesi barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU beynəlxalq əlaqələrini günü-gündən inkişaf etdirir. Müxtəlif ölkələrin qabaqcıl ali təhsil müəssisələri ilə ikili diplom proqramları, əməkdaşlıq müqavilələri imzalanır. Bu baxımdan Moldovanın ali təhsil müəssisələri ilə əlaqələrin qurulması və inkişafı da BDU-nun prioritetləri sırasına daxildir.
Səfir Qüdsi Osmanov isə bu il Azərbaycan-Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini və iki ölkə arasında əməkdaşlıq, dostluq münasibətlərinin olduğunu qeyd edib. Səfir bu münasibətləri daha da inkişaf etdirmək üçün elm və təhsil sahələri üzrə əlaqələri də intensivləşdirməyin zəruriliyinə toxunub, Moldova universitetlərinin BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə BDU və Moldova universitetləri arasında əməkdaşlığın perspektivlərinə dair müzakirə aparılıb.