BDU-nun rektoru Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzini ziyarət edib
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Beynəlxalq Özbəkistan-İsrail Akademik Forumunda iştirak edən BDU-nun rektoru Elmin Babayev Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub.
Rektor Mərkəzdə Ulu öndər Heydər Əliyevin büstünü ehtiramla yad edib, büstün önünə gül dəstələri düzüb.
Mərkəzin direktoru, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin məzunu, Azərbaycanın Özbəkistandakı səfirliyinin mədəniyyət attaşesi Samir Abbasov mərkəz haqqında məlumat verib. Qeyd edib ki, mərkəzdə Heydər Əliyev muzeyi, Azərbaycanın dövlətçilik tarixi muzeyi, Azərbaycanın və Özbəkistanın müştərək tarixi muzeyi təşkil olunub. O, mərkəzin həyata keçirdiyi tədbirlər barədə məlumat verərərək, Özbəkistanla Azərbaycanın mədəni əlaqələrinin inkişafında Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin xüsusi rolu olduğunu vurğulayıb.
Rektor Elçin Babayev eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlığın dərin tarixi köklərə malik olduğunu bildirib. O, Ulu öndər Heydər Əliyev və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri sayəsində 1995-ci ildən etibarən ölkələrimiz arasında siyasi münasibətlərin yaradıldığını vurğulayıb. Qeyd edib ki, qardaş Özbəkistan dövləti Ümummilli liderimizə hər zaman özünün yüksək sevgisini və rəğbətini ifadə edib. Bu ali sevginin ifadəsi kimi 2010-cu il sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın o zamankı Baş naziri – hazırkı dövlət başçısı Şavkat Mirziyoyevin iştirakı və xeyir-duaları ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb. Elçin Babayev Mərkəzdə fəaliyyət göstərən muzeylərin hər birində sərgilənən tarixi sənədlər, nadir eksponatların ölkələrimiz arasında qədim tarixi və mədəni əlaqələrin bariz nümunələri kimi xüsusi əhəmiyyətə malik olduğunu deyib.
Rektor daha sonra BDU-nun nəşr etdiyi ikicildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)” kitabını Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə hədiyyə edib.