BDU-nun “Qarabağ mühazirələri” layihəsinin növbəti qonağı Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid olub
Rəşad Məcid tədbir iştirakçılarına öz fəaliyyət sahələri barədə məlumat verib, Qarabağla bağlı uşaqlıq xatirələrini bölüşüb. Qeyd edib ki, o, Laçın rayonunun Ağoğlan kəndində dünyaya göz açıb, orta təhsilini Ağdamda alıb. 1979-cu ildə Şuşaya həsr olunmuş “Cıdır düzü” şeirini yazıb və tələbələr üçün səsləndirib.
Rəşad Məcid Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun 44 günlük Vətən müharibəsində qazandıqları Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını qeyd edib. Şuşaya bir neçə dəfə səfər etdiyini bildirən Rəşad Məcid 2021-ci ildə “Xaribülbül” musiqi festivalı çərçivəsində “Şuşa” şeirini yazdığını xatırladıb. Mədəniyyət adamlarının Qarabağa səfərləri zamanı neçə-neçə belə bədii nümunələrin yarandığını qeyd edən Rəşad Məcid Qarabağın ədəbiyyat tarixinə diqqət çəkib, musiqili və ədəbi festivalların bu ərazidə XIX əsrdən keçirildiyini vurğulayıb.
Daha sonra Laçın və Ağdama səfərlərindən bəhs edən Rəşad Məcid baba ocağına qayıdışı ilə bağlı xatirələrini bölüşüb, işğalçı ermənilərin həmin ərazilərdə törətdikləri vəhşiliklərdən danışıb. O, aparılan bərpa-quruculuq işləri nəticəsində Qarabağın regionun ən dilbər guşələrindən birinə çevriləcəyini bildirib.
Daha sonra Rəşad Məcid tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, layihənin məqsədi gənclərimizin tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi ilə bağlı məlumatlarını daha da zənginləşdirmək, onlarda vətənpərvərlik hisslərini gücləndirməkdir.