BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlərə başlayıb
Təlimin məqsədi Universitetin I kurs tələbələrinin ali təhsil mühitinə daha tez alışmasına yardım göstərməkdir.
İlk təlimdə tələbələrin bir-biri ilə, eyni zamanda təlimçinin tələbələrlə tanışlığı üçün praktik tapşırıq yerinə yetirilib. Tapşırığa əsasən, iki-iki qruplaşan tələbələr qarşı tərəflə empatiya qurmağa çalışıblar.
Təlimdə tələbələrə adaptasiya prosesinin mərhələləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, adaptasiyanın ikinci – dözümlülük mərhələsini keçdikdən sonra istənilən situasiyaya uyğunlaşmaq daha rahat olur. Tələbələr Universitetdə adaptasiyada çətinlik yaradan situasiyaları təlimçi ilə bölüşüblər və prosesin daha səmərəli keçməsi üçün məsləhət alıblar.
Tələbələr adaptasiya prosesində əsas faktorlardan biri - insanın sinir sistemi və buna əsasən temperament tipi haqqında da məlumatlandırılıb, Hans Ayzenk tərəfindən təyin edilmiş testdən keçiriliblər. Testin nəticəsinə uyğun olaraq tələbələr öz temperament tiplərinin onların adaptasiyasına təsirini müəyyənləşdiriblər.
BDU-nun I kurs tələbələri ilə "Adaptasiya" mövzusunda təlimlər davam edəcək.