BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Zəfər Gününə həsr olunmuş tədbir
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Liseyin direktoru Arif Bağırov çıxış edərək 44 günlük Vətən müharibəsinin tariximizin ən şanlı səhifəsi olduğunu və yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd edib. Bildirib ki, şanlı Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şücaəti, xalqımızın birliyi nəticəsində qazanılıb. Zəfər Günü hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür.
Sonra liseyin hərbi müəllimi, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Nihat Abdullayev və Tarix müəllimi Rəna Həsənova çıxış ediblər. Çıxışçılar Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat veriblər. Vətən müharibəsində qabaqcıl hərbi texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açıblar.
Tədbir bədii hissə ilə davam edib. Lisey şagirdləri Zəfər Gününə həsr edilən şeirlər səsləndirib, mahnılar və musiqi kompozisiyaları ifa ediblər.