BDU-nun Mexanika-riyaziyyat fakültəsində Zəfər Günü münasibətilə tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə çıxış edən Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev qeyd edib ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəliyi, şəhidlərimizin canı, qazilərimizin qanı ilə qazandığı tarixi Zəfərin qürurunu yaşayır. 2020-ci ilin 8 noyabrında milli qürurumuzun rəmzi olan Şuşanın azad olunması ilə 44 günlük Zəfər yürüşümüz öz zirvəsinə çatıb. Ziyatxan Əliyev Universitetin şəhid məzun və tələbələrinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O, şəhid ailələri və müharibə iştirakçılarının dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.
Dekan müavini Etibar Əhmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Ordumuz 30 il erməni əsarətində olan torpaqlarımızı azad edərək regionda yeni reallıq yaradıb. Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan dövləti qalib dövlət, Azərbaycan xalqı isə qəhrəman xalq olduğunu sübuta yetirib. Vətən müharibəsində qazanılan şanlı Qələbə tarixi ədaləti bərpa etməklə yanaşı, Cənubi Qafqazda sülh üçün də etibarlı zəmin yaradır.
Müharibə iştirakçısı Nazim Quliyev Vətən müharibəsi və antiterror əməliyyatları haqqında geniş məruzə ilə çıxış edib, Zəfərə gedən yoldan, ordumuzun hərbi gücü, əsgərlərimizin şücaəti, Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğısından danışıb.
Vətən müharibəsinin iştirakçıları Hicran Həmzəyev, fakültənin müəllimi Fərid Əsədov, məzunu Mirvahid Ağayev çıxışlarında keçdikləri döyüş yolundan bəhs ediblər.
Tədbirin sonunda fakültənin III kurs tələbəsi Qureyş Qədirli şəhid övladlarının atalarına yazdıqları məktubları səsləndirib.