BDU-nun Jurnalistika fakültəsinin məzunları ilə görüşlərə başlanılıb
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində BDU-nun 105, fakültənin 55 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərə start verilib.
Bu münasibətlə fakültənin tanınmış məzunları ilə tələbələrin görüşləri təşkil olunur.
İlk görüş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli və İdarənin inspektoru, polis kapitanı Pərvanə Muradova ilə keçirilib.
Qonaqlar tələbələrə yol-nəqliyyat hadisələri, onların kütləvi informasiya vasitələrində işıqlandırılması formaları barədə məlumat verib, bu tipli xəbərlərin yazılmasında operativliklə yanaşı, peşəkarlıq və məsuliyyətin də böyük rol oynadığını diqqətə çatdırıblar.
Görüş zamanı tələbələrə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət-profilaktiki işlərin təbliği, inzibati hüquqpozmalara media yanaşması, eləcə də cinayətkarlığa qarşı aparılan mübarizə tədbirlərində medianın rolundan bəhs edilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.