BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Türkiyədə Beynəlxalq simpoziumda məruzə edib
Türkiyənin Çankırı şəhərində Çankırı Karatekin, Bartın, Kastamonu universitetlərinin Məlumat və sənəd idarəetmə bölümlərinin və Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin birgə təşkilatçılığı ilə II Beynəlxalq ənənədən gələcəyə informasiya və sənəd menecmenti simpoziumu keçirilib.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı simpoziumda iştirak edib. Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş Beynəlxalq simpoziuma müxtəlif ölkələrin informasiya və sənəd menecmenti, kitabxanaçılıq və informasiya ixtisasları üzrə kadr hazırlayan 20-dən artıq universitetinin təmsilçiləri qatılıb. Simpoziumda sənəd menecmenti, informasiya logistikası, müəlliflik hüquqları və əlaqəli hüquqlar, kitabxanaçılıq və informasiya fəaliyyəti, kitab yayımı kimi mühüm istiqamətlər üzrə məruzələr dinlənilib. İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı “Texnoloji inqilab və oxucu vərdişləri” mövzusunda məruzə edib, eyni zamanda simpoziumun Təşkilat Komitəsinin üzvü kimi fəaliyyət göstərib. Fakültə dekanı səfər müddətində Çankırı Karatekin Universitetinin rektoru, professor Harun Çiftçi ilə görüşüb. Görüşdə rektora ölkəmizdəki təhsil mühiti, BDU-nun tarixi və bu günü, eyni zamanda fakültə barədə məlumat verilib. Çankırı Karatekin Universitetinin Məlumat və sənəd idarəetmə bölümü ilə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi arasında əməkdaşlığın müxtəlif platformalarda davam etdirilməsi imkanları müzakirə olunub.
Üç gün davam edən tədbirin yekun toplantısında qəbul edilmiş sənəddə növbəti Beynəlxalq simpoziumun 2024-cü ilin noyabr ayında BDU-da keçirilməsi təklifi irəli sürülüb.