BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində Cəbrayıl Şəhəri Günü qeyd edilib
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə 4 oktyabr - Cəbrayıl Şəhəri Günü münasibətilə tədbir keçirilib. Professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Tədbirin moderatoru – İnformasiya və sənəd menecmenti fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Fidan Əliyeva Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamının əhəmiyyətindən bəhs edib, şəhər günlərinin təsis olunmasının qalib xalqımızda yüksək əhval-ruhiyyə, gələcəyə daha böyük inam yaratdığını bildirib: “44 günlük Vətən müharibəsində ilk şəhərin - Cəbrayıl şəhərinin azad edilməsi hərbi əməliyyatlarda dönüş nöqtəsi və yeni mərhələnin başlanğıcı oldu”.
Sonra Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, Birinci Qarabağ müharibəsinin veteranı Knyaz Aslan, Sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov, fakültənin əslən Cəbrayıldan olan tələbəsi Amil Səmədov çıxış ediblər. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın tarixinin ən parlaq səhifəsidir. Çıxış edənlər Qarabağda aparılan son antiterror əməliyyatları nəticəsində dövlətimizin suverenliyinin tam bərpa olunmasının qürurunun yaşadığımız günlərdə Cəbrayıl Şəhəri Gününün qeyd edilməsinin xüsusilə böyük əhəmiyyə malik olduğunu vurğulayıblar.
Tədbir fakültə tələbələrinin hazırladığı bədii hissə ilə yekunlaşıb.