BDU-nun ictimai həyatında fəal iştirak edən gənclər təltif olunublar
Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Universitetin ictimai həyatında fəal iştirak edən gənclər təşkilatlarının üzvləri ilə görüşüb.
Əliş Ağamirzəyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O qeyd edib ki, ali məktəbin vəzifəsi əmək bazarı üçün ixtisaslı kadrlar və cəmiyyətə layiqli vətəndaşlar hazırlamaqdan ibarətdir. BDU-da fəaliyyət göstərən gənclər təşkilatlarının üzvlərinin ictimai fəaliyyəti onların ölkəmizə yararlı vətəndaş kimi yetişmələrində böyük rol oynayır: “Gənclər təşkilatları Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti, milli iftixarı” adlandırdığı BDU-nun ictimai həyatının aparıcı qüvvəsidir. “BDU könüllüləri”, BDU Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri yüksək təşkilatçılıq qabiliyyətinə malikdirlər”.
Daha sonra Əliş Ağamirzəyev BDU gənclər təşkilatlarının üzvlərinin suallarını cavablandırıb.
Görüşün sonunda BDU-nun Məzun Günü, 2022/2023-cü tədris ilinin yaz imtahan sessiyasının və Universitetin müxtəlif strukturlarında təcrübə işinin təşkilində fərqlənən fəal gənclər, həmçinin “Yeni başlayan proqramçılar – 2” müsabiqəsinin qalibləri təltif ediliblər.