BDU-nun Hirş indeksi 56-ya çatıb
“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, 2023-ci ilin ilk 3 ayı ərzində BDU-nun Hirş indeksi artaraq 56 olub (Hirş indeksi alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir). Hər bir əsərə istinadların orta sayı isə 6.81-ə qədər yüksəlib. Xatırladaq ki, 2018-cı ilin sonunda BDU-nun Hirş indeksi 35-ə bərabər olub.
Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3761 elmi əsər nəşr edilib. Bu əsərlərə 25629 dəfə istinad edilib. Təkcə 2022-ci ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 254 əsər (2022-ci il üzrə yekun nəticələr tam deyil, 2023-cü ilin ilk yarımilliyində tamamlanacaq) nəşr edilib və nəşr edilən əsərlərə 5603 dəfə istinad olunub ki, bu da 2018-ci ildə edilən istinadların sayından 2.5 dəfə çoxdur.
Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.