BDU-nun həmtəşkilatçılığı ilə “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi başlayıb
COP29 beynəlxalq konfransı çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Bakı Dövlət Universiteti (BDU), Qarabağın Tərəqqisi Naminə İctimai Birliyi və Afrika Gənclərinin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə ekoloji problemlərin həllinə və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi fəaliyyətə başlayıb.
Layihə çərçivəsində noyabrın 16-da COP29-un Yaşıl zonasında layihə çərçivəsində müzakirə paneli keçirilib. BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri, Qarabağın Tərəqqisi Naminə İctimai Birliyinin sədri Şəbnəm Səfərovanın moderatorluğu ilə keçən panel müzakirəsində Afrika Diplomatiya və Beynəlxalq Əlaqələr Məktəbinin vitse-prezidenti, Afrika Gənclərinin İnkişafı Fondunun rəhbəri, professor Tunji Asaolu, ali təhsildə keyfiyyət təminatı eksperti Vonda Qrobellar, ABŞ-nin “E&O Global İnc” şirkətinin Baş icraçı direktoru Orxan Şirinzadə, Sankt-Peterburq Mədənçilik Universitetinin geologiya və ətraf mühit elmləri üzrə tədqiqatçısı Emil Qasımov iştirak ediblər. Panel zamanı "Davamlı inkişafın əhəmiyyəti", "Növbəti nəsillər üçün iqlim təhsili", "Qaz yataqlarında metan (CBM) istehsalı və CO2 tutulmasında idarəetmə səmərəliliyinin qiymətləndirilməsi", "Yaşıl logistika: investisiya və tətbiq maneələrinin aradan qaldırılması" kimi mövzular müzakirə olunub.
Layihənin əsas məqsədi su qıtlığı, torpaqların şoranlaşması və meşə fondunun azalması kimi ekoloji problemlərin həlli üçün sosial maarifləndirmə və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Layihə çərçivəsində yaradılan "Yaşıl Dialoq Forumu" hökumət nümayəndələri, özəl sahə ekspertləri və akademik mühit nümayəndələrini bir araya gətirən illik forumun keçirilməsi üçün təsis edilib.
Növbəti panel müzakirələri 17 və 21 noyabr tarixlərində Yaşıl zonada davam etdiriləcək.