BDU-nun Fizika fakültəsində Ümumdünya Kosmos Həftəsinə həsr olunmuş elmi seminar keçirilib
Seminarda Astrofizika kafedrasının dosenti Bayram Rüstəmov “Ulduzlar harada və necə yaranır?” mövzusunda məruzə edib.
Məruzəçi bildirib ki, hər il 4-10 oktyabr tarixlərində Ümumdünya Kosmos Həftəsi qeyd olunur. 04 oktyabr 1957-ci ildə Yerin ilk süni peykinin orbitə buraxılması ilə bağlı olan Ümumdünya Kosmos Həftəsinin qeyd olunması barədə qərar 2000-ci ildə BMT Baş Assambleyasının bəyannaməsi ilə qəbul edilib.
Bayram Rüstəmov diqqətə çatdırıb ki, XX əsrdə astrofizikanın ən mühüm nailiyyətlərindən biri ulduzların da insanlar kimi doğulub, yaşayıb və ölməsi barədə nəticədir. Məruzədə ulduzların bizim qalaktikada harada və necə yarandığı barədə müasir astrofiziki təsəvvürlərin formalaşma mərhələləri xronoloji ardıcıllıqla, müşahidə faktları əsasında təsvir olunub. Ulduz göyünün sirri, astronomik tədqiqatların müasir elmi dünyagörüşün formalaşmasında rolu haqqında mülahizələr təqdim edilib, ulduz və planetlərin yaranması probleminin öyrənilməsi tarixi elmi-populyar şəkildə şərh olunub.
Bayram Rüstəmov həmçinin kainatın yaranma tarixinin müəyyən edilməsi üzrə astrofiziki və geofiziki araşdırmaların nəticələrinə əsasən vahid fikrin formalaşdığını bildirib. O, ulduzlar aləmində baş verən maraqlı proseslər, Süd yolu, ulduz topluları, səmada müşahidə olunan fərqli işıqlanmaların səbəbləri və s. barədə ətraflı məlumat verib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, məruzəçi iştirakçıların suallarını cavablandırıb.